Arxiv
Dendrologiya İnstitutunun əməkdaşları ekspedisiyada olublar
03.05.2021

AMEA-nın Dendrologiya İnstitutunun Sistematika laboratoriyasının əməkdaşları, b.e.d., professor Əliyar İbrahimov və b.e.d., dosent Fatmaxanım Nəbiyeva Türkan, Hövsan, Pirallahı, Zirə və Zirə Ekoparkı  ərazilərində ekspedisiyada olublar.

Ekspedisiyanın məqsədi Abşeronun flora və bitki örtüyünün yenidən öyrənilməsidir. Abşeronda neft və digər sənaye sahələrinin sürətli inkişafı, qlobal iqlim dəyişikliyi, təbii, antropogen, zoogen, texnogen və digər amillər, ekoloji sistemdə tarazlığın pozulması, insаnlаrın əməli fəаliyyəti nəticəsində tоrpаqlаrdаn düzgün istifаdə еdilməməsi nəticəsində yabanı növlərin bir çoxlarının areallarının kiçilməsinə və itmək təhlükəsinə səbəb olub. Keçmiş illər ərzində aparılan nomenklatur və sistematik dəyişikliklər, əlavələr, yeni tapıntılar dağınıq halda ayrı-ayrı mənbələrdə verilmiş məlumatlar florada öz əksini tapmayıb.

Tədqiqatçıların fikrincə Abşeronun florasında ancaq ağac və kollar müəyyən qədər öyrənilsə də, geobotaniki tədqiqatlar aparılmadığından bitki tərkibi tam öyrənilməyib. Abşeron florasının müasir reallığı əks etdirməyən vəziyyəti ərazinin flora və bitki örtüyünün yenidən işlənməsini aktuallaşdırır.

Laboratoriya əməkdaşları tərəfindən ardıcıl olaraq çöl tədqiqatları, fenoloji müşahidələr, ekspedisiyalar əsasında ərazinin florası (mədəni, yabanı) və bitki aləmi ətraflı tədqiq olunur. Ötən ay beş ekspedisiya qrupu sözügedən ərazilərdə tədqiqatlar aparıblar. Həmçinin Dendrologiya İnstitutun ərazisində mütəmadi olaraq floristik və geobotaniki tədqiqat davam etdirilir. 1700-dən artıq bitki nümunəsi toplanıb və 2000-ə yaxın fotoşəkil çəkilib. Təkcə sonuncu ekspedisyada maraq doğuran 90 növ bitki nümunəsi toplanıb, 300-dək fotoşəkil çəkilib. Tədqiqatlar zamanı daha çox bitki birliklərinin tədqiqinə diqqət yetirilib.

Hazırda, Abşeron ərazisindən toplanılan bitki növləri qurudulur, çeşidlənir, təyin edilir, fitosenoloji və faydalı xüsusiyyətləri təsvir olunur. Çöl tədqiqatlarında aparılmış fenoloji müşahidələr əsasında bəzi nadir endemik, relikt, itmək təhlükəsi altında olan və “Qırmızı Kitab”lara düşmüş bitki növləri dəqiqləşdirilərək, onların beynəlxalq kateqoriya və kriteriyalara uyğun qorunma statusları müəyyənləşdirilir.