AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) Bioadaptasiya laboratoriyasının elmi işçisi Turanə İsgəndərova, kiçik elmi işçilər Səidə Zülfüqarova, Səbinə Omarova və doktorant Natella Əliyeva Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Elmi-Tədqiqat Əkinçilik İnstitutunun Qobustan Bölgə Təcrübə Stansiyasında (BTS) elmi ezamiyyətdə olublar.
Ezamiyyənin əsas məqsədi dəmyə şəraitində becərilmiş, fərqli davamlılıq nümayiş etdirən müxtəlif yumşaq buğda genotiplərində molekulyar-biokimyəvi tədqiqatların aparılması və müsabiqəli sort sınağına daxil olan buğdaların rüşeym plazmasının Aegilops speltoides mənşəli Sr39 geninə görə yoxlanılması məqsədilə nümunələrin toplanılması olub.
Təcrübə sahələrində müxtəlif nəzarət pitomniklərində əkilmiş yerli hibridləşmə əsasında stabilləşmiş F5 xətləri və beynəlxalq təşkilatlardan alınan müxtəlif ekoloji mənşəli buğda sort nümunələrinin monitorinqi aparılıb. Eyni zamanda Qobustan rayonu ərazisində buğda əkini sahələrində Puccinia graminis Pers. f. sp. tritici göbələyinin fitopatoloji qiymətləndirilməsi həyata keçirilib.