Arxiv
Azərbaycan Botaniklər Cəmiyyətinin fəaliyyəti genişləndirilir
11.06.2021

Avropa Botaniklər Cəmiyyətlərinin Federasiyasının yaradılması məqsədilə təşkilat komitəsi tərəfindən Azərbaycan Botaniklər Cəmiyyəti onlayn yığıncaqda iştirak etmək üçün dəvət almışdır. Nəzərdə tutulan fəaliyyət 2029-cu ildə Beynəlxalq Botanika Konqresinin təşkilinə yönəlmişdir. Azərbaycan Botaniklər Cəmiyyətinin prezidenti, akademik Validə Əli-zadə, məsul katibi, b.e.d. Dilzarə Ağayeva və Mərkəzi Nəbatət Bağının direktoru, b.e.d. Vahid Fərzəliyev tədbirdə iştirak edərək Azərbaycan Botanikləri Cəmiyyətini təmsil ediblər. Azərbaycan ilə yanaşı İtaliya, Danimarka, Fransa, Xorvartiya, İspaniya və s. kimi bir sıra Avropa ölkələrinin iştirak etdiyi bu onlayn iclasda cəmiyyətlərə üzvlük, ekskursiya, ölkələrarası botaniki irsin öyrənilməsi, birgə tədqiqatların aparılması, layihələrin hazırlanması, seminarlar, simpoziumların keçirilməsi kimi məsələlər müzakirəyə çıxarılmışdır.

Qeyd etmək lazımdır ki, Azərbaycan Botaniklər Cəmiyyəti ilə İtaliya Botanika Cəmiyyəti arasında öncə imzalanan əməkdaşlıq memorandumu ABC-nin sözügedən federasiyanın yaradılmasına cəlb olunmasında mühüm rol oynayıb.

Bu addım Azərbaycan Respublikasının təbitəin mühafizəsi və davamlı inkişafı sahəsində Avropa ölkələrinə inteqrasiyasına təkan verir.