AMEA-nın Dendrologiya İnstitutunda bitki ehtiyatlarının xammal bazasını zənginləşdirmək məqsədi ilə bağın kolleksiya sahələrinə xaricdən mübadilə yolu ilə gətirilən və mədəni şəraitdə becərilən növlərin assortiment sayının artırılması, onların genefondunun təyin edilməsi və introduksiya arealının genişləndirilməsi üzrə elmi-tədqiqat işləri aparılır.
Yaşıllaşdırma işinin müvəffəqiyyətlə həyata keçirilməsi üçün Abşeron torpaq-iqlim şəraitinə davamlı, dekorativ və uzunömürlü ağac və kol bitkilərinin seçilməsinin böyük əhəmiyyətini nəzərə alaraq institutun Ağac-kolların introduksiyası və iqlimləşdirilməsi laboratoriyasında Dağıstan, Tallin, Qırğızıstan, Bişkek Botanika Bağları, Latviya Botanika İnstitutu və digər ölkələrdən yeni bitki növlərinin toxumları mübadilə nəticəsində əldə edilərək, xüsusi sahələrə əkilib laboratoriya şəraitində morfoloji göstəriciləri təsvir edilib.
İnstitutun Ağac-kolların introduksiyası və iqlimləşdirilməsi laboratoriyasının böyük elmi işçisi Aynur Hüseynova əldə olunan Arbutus unedo L., Rhododendron Ferrugenium L., Rhododendron Sihippenbachi Maxim. və digər yeni növlərin Abşeronun, eləcə də park və bağ zonalarında ağac və kol introdusentlərinin yaşıllaşdırma işləri üzrə istifadə perspektivliyinin öyrənildiyini bildirib.
Dendrologiya İnstitutu ərazisindəki istixanada nümayiş etdirilən ayrı-ayrı iqlim qurşaqlarına uyğun olan tropik, subtropik, ekvatorial və digər bitki növlərinin toxumlarından alınan cücərtilər üzərində müşahidələr aparılır ki, bu bitki növlərinin də Abşeronun yaşıllaşdırılmasında torpaq iqlim şəraitinə uyğunlaşdırılması, introduksiya edilməsi məqsədəuyğun hesab olunur.