Hörmətli həmkarlar!
Bu il 103 yaşını qeyd etdiyimiz Azərbaycan Silahlı Qüvvələri dövlət müstəqilliyimizin qarantı, xalqımızın güvən yeri və Azərbaycan xalqının şücaət rəmzidir.
1918-ci il mayın 28-də müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərliyi xarici müdaxilələrdən qorunmaq, daxili düşmən qüvvələrini zərərsizləşdirmək üçün silahlı qüvvələrin yaradılmasının vacibliyini dərk edirdi və həmin il iyunun 26-da AXC-nin Nazirlər Şurasının qərarı ilə Əlahiddə Korpus yaradıldı, avqustun 1-də isə Hərbi Nazirlik təsis olundu. General Səməd bəy Mehmandarov və general-leytenant Əliağa Şıxlinskinin rəhbərliyi altında qısa müddətdə Milli Ordu quruculuğuna başlanıldı və bir çox hərbi uğurlara imza atıldı.
Cümhuriyyətin süqutundan sonra AXC-nin yarım qalmış Milli Ordu quruculuğu siyasətini görkəmli dövlət xadimi, Ulu öndər Heydər Əliyev öz üzərinə götürərək Azərbaycan xalqı və dövləti qarşısında növbəti tarixi missiyasını həyata keçirdi və 1971-ci ildə C.Naxçıvanski adına Hərbi Liseyin açılmasına nail oldu. Ümummilli lider Heydər Əliyev həmin illərdə sovet rəhbərliyinin azərbaycanlı gənclərin peşəkar hərbçi kimi yetişməsinin qarşısını alan siyasətini məharətlə dəf etməyi bacardı və ölkəmiz üçün vətənpərvər milli kadrların yetişdirilməsinə başlanıldı. Məhz Ulu öndərin uzaqgörən siyasətinin nəticəsi idi ki, 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa edən Azərbaycanın yeni formalaşdırılmış silahlı qüvvələrinin əsasını C.Naxçıvanski adına Hərbi Liseyin məzunları təşkil edirdi və həmin zabitlər Birinci Qarabağ müharibəsində misilsiz şücaətləri ilə fərqlənmişdilər.
Nəhayət, Ümummilli lider Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün, 26 iyun tarixi Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan edildi. Ordu quruculuğuna daim həssas münasibət göstərən dahi lider 1999-cu il fevralın 20-də Silahlı Qüvvələrin Hərbi Akademiyasının yaradılması haqqında Fərman imzaladı.
2003-cü il iyunun 26-da Silahlı Qüvvələrin yaradılmasının 85-ci ildönümündə Ulu öndər Heydər Əliyev şəxsi heyətə müraciətində demişdi: “Azərbaycanın güclü ordusu bu gün də, sabah da, 10 il, 100 il bundan sonra da lazımdır. Azərbaycan ordusu, onun Silahlı Qüvvələri böyük gələcəyə baxmalıdır. Böyük gələcəyin təminatçısı isə yalnız güclü, sarsılmaz ordu ola bilər”.
Dahi liderin hərb sahəsindəki siyasətini məharətlə davam etdirib onu yeni mərhələyə qaldıran Prezident İlham Əliyevin rəhbərliyi altında ötən müddət ərzində ordu quruculuğuna xüsusi diqqət yetirilmiş, Azərbaycan Silahlı Qüvvələri ən müasir silah və texnika ilə təchiz olunmuş, peşəkar milli kadrlar hazırlanmışdır.
Məhz Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin gələcəyə hesablanmış və torpaqlarımızın düşmən işğalından azad olunmasına hədəflənmiş ordu quruculuğu siyasəti 2020-ci ilin sentyabrında başlayan 44 günlük Vətən müharibəsi ilə öz məntiqi nəticəsinə çatmış, doğma Qarabağımız düşmən tapdağından azad edilmiş, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmuşdur. 44 günlük Vətən müharibəsində qazandığı qələbə ilə Azərbaycan ordusu bütün dünyaya öz şücaətini və müasir hərb elminin sirlərinə nə qədər dərindən bələd olduğunu nümayiş etdirdi. Hesab edirəm ki, bu Qələbə ordumuzun özünün 103 illiyinə bəxş etdiyi ən gözəl hədiyyədir. Bu əlamətdar gündə şəhidlərimizin xatirəsini dərin hörmətlə anır, qazilərimizə can sağlığı, uzun ömür diləyir, əsgər və zabitlərimizə şərəfli xidmət arzu edirəm.
Hörmətli həmkarlar,
Sizi 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə təbrik edir, cansağlığı və elmi fəaliyyətinizdə uğurlar arzulayıram.
Ramiz MEHDİYEV,
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik