AMEA-nın Dendrologiya İnstitutunun Sistematika laboratoriyasının əməkdaşları Mərdəkan - Hava limanı - Binə - Zığ - Günəşli - Əhmədli ərazilərində ekspedisiyada olublar.
Tədqiqat sahəsi kimi analoji xarakterik sahələr seçilərək 3 təkrarda 10 x10 m2 nümunə meydançaları gözəyarı müəyyənləşdirilib. Eksperimental üsulla növ sayı, növ zənginliyi, dominant, subdominant və assektor növlər qeyd edilib. Alınan nəticələr bütün əraziyə şamil olunub.
Tədqiqat zamanı 170 fitosenozun tərkibi və quruluşu təsvir edilib. Toplanmış bitki növləri arasında “Abşeron florasının taksonomik spektri”nə salınmamış 30 bitki növü müəyyənləşdirilib. Ekspedisiyada maraqlı bitkilərdən biri Badımcançiçəkkimilər - Solanaceae L. fəsiləsindən olan İydəyarpaq qaragilə - Solanum elaeagnifolium Cav. bitkisidir. Bitkinin ilk dəfə yeni yayılma sahəsi aşkar edilib. Gözəl görünüşü olan bu bitkiyə Zığ qəsəbəsində - Zığ şossesi 125-də, yolun sağ kənarında rast gəlinib. Aşkar olunan Solanum elaeagnifolium Cav. tək-tək bitmir, geniş sahədə sıx bitərək Solonueta - formasiyası, Solanuetum elaeagnifoliosum assosiasiyası əmələ gətirir.
İydəyarpaq qaragilə - Solanum elaeagnifolium Cav. bitkisinin həmin ərazidə 4 yeni assosiyasiyası da aşkar edilərək növ tərkibi və quruluşu öyrənilib. Yeni assosiasiyaların dominantları Gürcü güləvəri, Adi dəvətikanı və digər növlərdir. Qeyd olunan fitosenozların tərkibində qırtıclar, qısa ömürlü efemer və efemeroidlər bol təmsil olunurlar.
Solanum elaeagnifolium Cav. bitkisinin Zığ qəsəbəsindəki yayılma arealı və qeyd olunan senozları Azərbaycan və Qafqaz üçün yenidir. Bol və xoşagəlim çiçəklərinə, xarici görünüşünün bəzək effektli olmasına görə onu yaşıllaşdırma-abadlıq və bəzək-bərpa işlərində geniş tətbiq olunması təklif və tövsiyə edilir.
Tədqiqat zamanı 343 foto çəkilib, 51 herbari nümunələri fonda əlavə olunub.