Arxiv
Dendrologiya İnstitutu ilə Lənkəran Regional Elmi Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb
23.07.2021

AMEA-nın Dendrologiya İnstitutu və Lənkəran Regional Elmi Mərkəzi (LREM) arasında birgə elmi-texniki əməkdaşlıq barədə memorandum imzalanıb.

Memorandumu Dendrologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov və Lənkəran Regional Elmi Mərkəzinin direktoru, professor Fərman Quliyev imzalayıb.

Tərəflər Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair Fəaliyyət Planı çərçivəsində AMEA tərəfindən tapşırılmış işlərin icrasının təmin edilməsi məqsədilə Lənkəran Regional Elmi Mərkəzinin biomüxtəlifliyinin öyrənilməsi üzrə birgə elmi tədqiqatların aparılmasına, ərazinin torpaq iqlim şəraitinə uyğun bitki assortimentinin artırılması və nəticələrdən birgə istifadəsinə dair razılığa gəliblər.

AMEA LREM ilə birlikdə Lənkəran ərazisində bitki örtüyünün fəsilə, cins və növlərinin miqdarının müəyyənləşdirilməsi, yeniliklərin araşdırılması, flora elementlərinin tam siyahısının tərtibi, növlərin sistematik icmalının hazırlanması, ərazidə yaşlı bitki nüsxələrinin yaş strukturunu təyin etməklə dendroxronoloji təhlil edilməsi, onların təbiət abidəsi kimi sertifikatlaşdırılması nəzərdə tutulur. Həmçinin Lənkəran Regional Elmi Mərkəzində dendroloji tədqiqatların aparılması üçün lazım olan müasir avadanlıqlar, cihazlar və digər maddi-texniki resurslardan ibarət laboratoriyanın yaradılması, bioloji müxtəliflik komponentlərinin mövcud vəziyyətinin qiymətləndirilməsi, ekspedisiyaların təşkili, herbari və toxum kataloqunun hazırlanması, bitki və toxum mübadiləsinin aparılması, yabanı və mədəni floranın taksonomik tərkibi, nadir və nəsli kəsilməkdə olan növlərin yayıldığı ərazilərin monitorinqi planlaşdırılır. Eyni zamanda populyasiyaların bərpası və mühafizəsi məqsədilə tədbirlər planı və lahiyələrin işlənilməsi, dərman bitkilərinin davamlı istifadəsinin təmin edilməsi və sair barədə hər iki müəssisənin təsdiq edilmiş elmi-tədqiqat iş planları çərçivəsində hazırki müqavilənin məqsəd və vəzifələrinə uyğun olaraq birgə elmi-tədqiqat işlərinin təşkili və həyata keçirilməsi qərarlaşdırılıb.

Qeyd edək ki, əldə edilmiş elmi-tədqiqat işlərinin nəticələri barədə müntəzəm olaraq məlumat mübadiləsi və məsləhətləşmələr aparılacaq, informasiya mübadiləsi həyata keçiriləcək.