Arxiv
AMEA Botanika İnstitutunda Azərbaycan üçün Bitki Müxtəlifliyi üzrə İnformasiya İnfrastrukturunun yaradılması
13.09.2021

Cari ilin avqust ayında Almaniyanın Berlin Botanika Bağı və Botanika Müzeyinin direktoru Prof. Thomas Borşun təşəbbüsi ilə AMEA Botanika İnstitutunun direktoru akademik Validə Əlizadə və İnstitutunun Ali bitkilərin sistematika və coğrafiyası şöbəsinin müdiri, b.f. d., dos. Rəşad Səlimovun iştirakı ilə onlayn görüş keçirilib. Məqsəd Volksvagen fondunun dəstəyi ilə yeni layihənin hazırlanmasının ümumi müzakirəsi olub.

Qeyd etmək lazımdır ki, biomüxtəliflik məlumatlarının və informasiya sisteminin strukturunun mövcudluğu beynəlxalq səviyyədə olduqca irəliləmişdir. Müvafiq taksonomik və floristik ədəbiyyatlara əsaslanaraq bitkilərin taksonomiyası, yayılması və status haqqında məlumatların inteqrasiyası məqsədi ilə Dünya Florası Onlayın (World Flora Online - WFO) quru bitkilərin qlobal taksonomik struktur prinsiplərini, Euro+Med bazası isə bu tip fəaliyyətləri qitə səviyyəsində idarə edir.

Nəzərdə tutulan iki illik layihə beynəlxalq məlumat sistemləri ilə əlaqəli əlçatan, dinamik məlumat bazası infrastrukturunda Azərbaycandan olan taksonomik və floristik biliklərin sintezini nəzərdə tutur. Bu Azərbaycanın Dünya Flora Onlayına verdiyi töhfəni dəstəkləyəcək, Qafqaz daxil olmaqla və sözsüz ki, Azərbaycanın özündə ölkə üçün müasir məlumat siyahısını (onlayn və çap versiyasında) təqdim etmək üçün Euro+Med Plant Base portalın da təqdimatını təkmilləşdirəcəkdir. 

Eyni zamanda, son illərdə ümumi idarə etmə, məlumatların emalı və fiziki infrastruktur baxımından AMEA Botanika İnstitutunun Herbari Fondunu (BAK) gücləndirməklə, eləcə də herbari nüsxələrinin rəqəmsallaşdırılmasına başlamaqla bir çox irəliləyiş əldə edilmişdir. Buna əlavə olaraq inteqrativ taksonomiya, molekulyar sistematika və biomüxtəlifliyin qiymətləndirilməsində tədqiqat imkanları genişləndirilmiş və elmi işçilərin peşəkarlıq potenisialını artırılmış, həmçinin yeni   biliklər əldə etməyə imkan verən seçilmiş model qruplar üzərində tədqiqatlar aparılmışdır.