AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının (RETƏŞ) “Dissertasiya mövzularının reyestri” sisteminin istifadəyə verilməsi ilə bağlı onlayn təlim seminarı keçirilib.
Tədbirdə RETƏŞ-in Problem şuralarının elmi katibləri, AMEA Rəyasət Heyəti aparatının Elmi-təşkilat idarəsinin Elmi əlaqələndirmə şöbəsinin müdiri və şöbənin əməkdaşları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev seminarın “Dissertasiya mövzularının reyestri” sisteminin təqdimatına həsr olunduğunu diqqətə çatdırıb.
Alim bildirib ki, Azərbaycan Milli Elmlər Akademiyasında elmi fəaliyyətin səmərəliliyinin artırılması, şəffaflaşdırılması, elmi tədqiqatların əlaqələndirilməsi və təkrarçılığın aradan qaldırılması dissertasiya mövzularının reyestrinin yaradılmasını zəruri edir. Bu bir sıra dövlət sənədlərində, o cümlədən ölkə başçısının “Azərbaycan Respublikasında elmi və elmi-pedaqoji kadrların attestasiyasının aparılması işinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 10 dekabr 2018-ci il tarixli Sərəncamında, eləcə də AMEA Rəyasət Heyəti aparatının “Elm sahələri üzrə problem şuralarının yaradılması”na dair 28 yanvar 2021-ci il tarixli və AR Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının problem şuralarının fəaliyyəti haqqında 30 aprel 2021-ci il tarixli qərarlarında öz əksini tapıb.
Akademik Rasim Əliquliyev qeyd olunan dövlət sənədlərindən irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə RETƏŞ-in fəaliyyətinin səmərəli təşkili üçün “Dissertasiya mövzularının reyestri” sisteminin yaradılması istiqamətində müvafiq işlərin AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda formalaşdırılmış işçi qrup tərəfindən yerinə yetirildiyini nəzərə çatdırıb.
Sonra məruzə ilə çıxış edən institutun əməkdaşı Raqif İsmayılov “Dissertasiya mövzularının reyestri” sisteminin yaradılması istiqamətində görülmüş işlər, sistemin imkanları və s. haqqında ətraflı məlumat verib. Sistemdə elmi müəssisələr, elm sahələri, elmi şuralar, ixtisaslar və indekslər, elmi dərəcələr, elmi adlar, təhsil forması və s. kimi kateqoriyalar üzrə zəruri məlumatların öz əksini tapdığını diqqətə çatdırıb.
R.İsmayılov AMEA-da aparılan islahatlar nəticəsində cari ilin yanvar ayında 38 elmi şuranın fəaliyyətinin dayandırıldığını və yenidən 6 problem şurasının təşkil olunduğunu xatırladıb. O, fəaliyyəti dayandırılmış elmi şuralarla bağlı elektron resursların AzScienceNet şəbəkəsinin Data mərkəzində yaddaşda saxlanması və onlara onlayn çıxışın təmin olunmasının institutun əməkdaşları tərəfindən həyata keçirildiyini bildirib. Həmçinin 2010-2019-cu illər üzrə təqdim olunan dissertasiya mövzularının qeydiyyata alındığını və tələb olunan formatda sistemdə yerləşdirildiyini söyləyib. Proqramçı qeyd etdi ki, sistemin məlumat bazası “MS SQL” sistemində, idarəetmə mühiti C# proqramlaşdırma dilində hazırlanıb və veb mühitindən istifadəyə təqdim edilməsi nəzərdə tutulur.
R.İsmayılov sistemə daxil olaraq, informasiyanın axtarışı prosesinin gedişatını əyani şəkildə nümayiş etdirib.
Daha sonra təlim seminarında çıxış edən AMEA Rəyasət Heyəti Aparatının Elmi-təşkilat idarəsinin Elmi əlaqələndirmə şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Rəna Qasımova RETƏŞ-in və problem şuralarının vəzifə və funksiyalarının daha səmərəli həyata keçirilməsi, eyni zamanda elmi tədqiqatların əlaqələndirilməsi işinin müasir tələblərə uyğun informasiyalaşdırılması üçün “Dissertasiya mövzularının reyestri” sisteminin vacibliyini vurğulayıb.
Tədbirdə “Dissertasiya mövzularının reyestri” sisteminin istismarı ilə bağlı müzakirələr aparılıb, çoxsaylı suallar cavablandırılıb.
Sonda akademik Rasim Əliquliyev çıxış edərək, yüksək səviyyədə hazırlanmış sistemin ölkədə elmi fəaliyyətin səmərəliliyinin artırılması və elmi tədqiqatların əlaqələndirilməsi baxımından mühüm əhəmiyyətə malik olduğunu qeyd edib.