Arxiv
AMEA prezidenti akademik Ramiz Mehdiyev müxbir üzv Misir Mərdanovu 75 illik yubileyi münasibətilə Akademiyanın Fəxri fərmanı ilə təltif edib
11.10.2021

Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölkəmizin ictimai-siyasi həyatında və elmi-pedaqoji sahədə uzunmüddətli səmərəli fəaliyyətinə görə AMEA-nın müxbir üzvü Misir Mərdanov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Bu münasibətlə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyev AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, müxbir üzv Misir Mərdanovla görüşüb, onu təbrik edib. Akademiya rəhbəri Azərbaycanda elm və təhsilin inkişafındakı xidmətlərini nəzərə alaraq və 75 illik yubileyi ilə əlaqədar fizika-riyaziyyat elmləri doktoru, professor, müxbir üzv Misir Mərdanova AMEA-nın Fəxri fərmanını təqdim edib.

Qeyd edək ki, 2021-ci ilin oktyabr ayının 3-də Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, fizika-riyaziyyat elmləri doktoru, Əməkdar elm xadimi, professor, AMEA-nın müxbir üzvü Misir Mərdanovun anadan olmasının 75 ili tamam olub.

Misir Mərdanov 1969-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Mexanika-riyaziyyat fakültəsinin Riyaziyyat şöbəsini fərqlənmə diplomu ilə bitirib.

1969-cu ildə H.Zərdabi adına Kirovabad Pedaqoji İnstitutunun (indiki Gəncə Dövlət Universiteti) Riyazi analiz kafedrasında baş laborant vəzifəsində işləyib, 1970-1972-ci illərdə Azərbaycan Dövlət Universitetinin əyani aspiranturasında təhsil alıb, 1973-cü ildə namizədlik, 1989-cu ildə doktorluq dissertasiyalarını müdafiə edib. Alim 1981-ci ildə dosent elmi adı alıb.

AMEA-nın müxbir üzvü Misir Mərdanov 1996-1998-ci illərdə Bakı Dövlət Universitetinin rektoru, 1998-2013-cü illərdə Azərbaycan Respublikasının Təhsil naziri vəzifələrində çalışıb. O, 2013-cü ildən AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, 2021-ci ildən isə baş direktorudur. Alim 2017-ci ildə AMEA-nın müxbir üzvü seçilib.

AMEA-nın müxbir üzvü Misir Mərdanovun elmi tədqiqatları adi, xüsusi törəməli, gecikən arqumentli diferensial tənliklər və diskret sistemlərlə təsvir olunan məsələlərdə optimallıq üçün zəruri şərtlərin alınmasına həsr edilib. Alim geniş sinif müxtəlif məhdudiyyətləri olan optimal idarəetmə məsələləri üçün Pontryaginin maksimum prinsipini, həmçinin ikinci tərtib zəruri və kafi şərtlər isbat etmək məqsədilə yeni, vahid metod işləyib.

AMEA-nın müxbir üzvü Misir Mərdanov 150 elmi əsərin, 5 monoqrafiya, 20 dərslik və dərs vəsaitinin, ölkənin görkəmli şəxsiyyətləri ilə bağlı 64 məqalə, “Azərbaycan təhsil tarixi” dördcildliyi, “1920-ci ilədək ali məktəblərdə oxumuş Azərbaycanlılar” çoxcildliyi, həmçinin 2 təhsillə bağlı 10 kitab və 120 məqalənin müəllifidir. Alimin elmi rəhbərliyi ilə 2 elmlər və 7 fəlsəfə doktoru hazırlanıb.

AMEA-nın müxbir üzvü Misir Mərdanov Azərbaycan Riyaziyyat Cəmiyyətinin vitse-prezidenti, Türk dünyası Riyaziyyat Cəmiyyətinin prezidenti, Türk dünyası Riyaziyyat Cəmiyyətinin fəxri prezidenti, Pedaqoji təhsil üzrə Beynəlxalq Elmlər Akademiyasının akademiki, həmçinin Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, Rusiya Təhsil Akademiyasının xarici üzvü, “Azerbaijan journal of Mathematics” və “Riyaziyyat və Mexanika İnstitutunun əsərləri” jurnallarının baş redaktoru, “TWMS Journal of Pure and Applied Mathematics” və “Çebışevski sbornik” jurnallarının beynəlxalq redaksiya heyətinin üzvüdür.