Arxiv
Genetik Ehtiyatlar İnstitutunun baş direktoru: “Qarabağ Elmi-Tədqiqat Bazasının fəaliyyəti ağıllı texnologiyalar əsasında yenidən qurulmalıdır”
25.10.2021

AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov Tərtər rayonunun Şıxarx qəsəbəsində keçirilən Zəfər Gününə həsr olunmuş “AMEA Genetik Ehtiyatlar İnstitutunun Qarabağ Elmi-Tədqiqat Bazasının infrastrukturunun bərpası, bölgə üçün yaradılmış buğda va arpa sortlarının toxumçuluğunun təşkili məsələləri” tarla seminarında “Qarabağ Elmi-Tədqiqat Bazasının bərpası, tədqiqat imkanları və perspektivləri” mövzusunda çıxış edib.

Rəhbərlik etdiyi institutun Qarabağ Elmi-Tədqiqat Bazası haqqında ətraflı məlumat verən Z.Əkpərov bazanın 1950-1989-cu illərdə əldə etdiyi elmi nailiyyətlərə görə nəinki ölkə miqyasında, habelə dünyada tanınmış nüfuzlu elmi tədqiqat mərkəzlərindən biri olduğunu diqqətə çatdırıb.

Baş direktorun sözlərinə görə, 40 ilədək nümunəvi elmi tədqiqat fəaliyyəti göstərən bazanın 1989-cu ildə erməni işğalına qədər 1694 ha ərazisində yüzlərlə yaşayış evi, 3 mərtəbəli inzibati və tədqiqat laboratoriyaları olan binası, 2 qonaq evi, 300 nəfərlik konfrans zalı, 2-mərtəbəli kitabxana, 100 yerlik uşaq bağçası, 5 otaqlı poliklinika, bütün xidmətləri olan 2 mərtəbəli 30 çarpayılıq xəstəxana, 6 otaqlı aptek və poçt binası, mağaza və ticarət zalı olan bina, 3 mərtəbəli toxumtəmizləyən zavod, 400 m2-lik 4 anbar, maldarlıq üçün 5 ferma binası, sudartan stansiya, 6 artezian quyusu, 6 transformator stansiyası, 100-dən artıq kənd təsərrüfatı texnikası traktor, kombayn, avtomaşın və b. avadanlıqları mövcud olub.

“Bundan əlavə, bitki genefondunun 200 mindən artıq nümunəsi, dənli bitkilərin 20 mindən artıq dünya və yerli kolleksiya nümunələri, 20 mindən artıq nadir, təkraredilməz cinslərarası, növlərarası və təbii hibridlər, Azərbaycanın yerli camış cinsləri ilə Hindistan mənşəli yüksək məhsuldar “Murrah” camışlarının mayalanmasından alınan hibrid mələzlər, 200 baş cins mal-qara, 500 baş cins qoyun, 3000 baş quş, 500 sort meyvə və subtropik bitkinin, 200 üzüm sortunun genefond bağları və  çox qiymətli seleksiya materialları, rayonlaşdırılmış sortların 3,5 min tondan çox elit, super elit və ilkin toxumçuluq materialları olmuşdur”, - deyə Z.Əkpərov qeyd edib.

Əlavə edib ki, bazada 30-dan çox yüksək məhsuldar sort və yüzlərlə hibrid yaradılaraq Qarabağ bölgəsində və ölkənin digər iqtisadi rayonlarının təsərrüfatlarında geniş ərazilərdə becərilib, bu kənd təsərrüfatının inkişafına əhəmiyyətli dərəcədə təsir göstərib.

Onun sözlərinə görə, aparılan elmi tədqiqatların yüksək səviyyəsinə görə dünya miqyasında tanınmış bazada ümumilikdə 150-dən çox əməkdaş, o cümlədən 60 nəfər yüksəkixtisaslı elmi işçi fəaliyyət göstərib.

İllərlə toplanmış zəngin genefond, bütün əmlakın erməni işğalı nəticəsində talan edilərək, məhv olduğunu təəssüf hissi ilə bildirən Z.Əkpərov 1992-ci ildə aparılan əks hərbi əməliyyət tədbirləri nəticəsində torpaq sahələrinin bir hissəsinin geri alındığını, lakin nümunəvi bazadan əsər-əlamət qalmadığını və onun bütün infrastrukturunun məhv edildiyini diqqətə çatdırıb.

Məruzəçi bildirib ki, 2003-cü ildən bazanın əməkdaşları Tərtər rayonunda fermer təsərrüfatında öz tədqiqat işlərini davam etdirməyə başlayıb və torpaqların işğaldan azad olunmasından sonra istehsalata tətbiqi istiqamətində işlər aparıblar. Onun sözlərinə görə, bölgəyə aid aparılan tədqiqat işləri nəticəsində 7 yeni buğda (Maya, Alyans, Cənub, Almaz, Leyla, Start, Xəmsə) və 2 arpa (Uğur, Cəmil) sortu Dövlət Sort Sınağı Komissiyasına təqdim edilib. Hazırda buğdanın Maya, Start və Cənub sortları, arpanın Cəmil sortu rayonlaşdırılaraq onların ilkin toxumçuluğu təşkil edilib, bölgənin toxumçuluq fermer təsərrüfatlarına yaymaq üçün super elit və elit toxum materialları artırılıb.

“Hazırda qarşımızda duran ən mühüm vəzifə Qarabağ Elmi-Tədqiqat Bazasının yenidən bərpası və keçmiş ənənəsini, şöhrətini özünə qaytarmaqdır. Respublikanın suvarılan və nəmliklə təmin olunan, stres amillərinə davamlı yüksək məhsuldar və texnoloji keyfiyyətlərə malik buğda və arpa sortlarının yaradılması və istehsalata tətbiqi isə əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı baxımından qarşımızda duran ən vacib məsələlərdəndir”, - deyə Z.Əkpərov vurğulayıb.

Əlavə edib ki, II Qarabağ müharibəsi böyük Qələbə ilə başa çatdıqdan sonra AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev və Tərtər Rayon İcra Hakimiyətinin başçısı Müstəqim Məmmədovun dəstəyi ilə bazanın ərazisində 1 ədəd subartezian quyusunun qazılaraq istifadəyə verilməsi tədqiqat işlərinin başlanılmasına, rayonlaşdırılmış sortların ilkin toxumçuluğunun təşkilinə və genişləndirilməsinə imkan verəcək.

Qarabağ Elmi-Tədqiqat Bazasının ağıllı texnologiyalar əsasında yenidən bərpa edilməsinin önəminə toxunan baş direktor bazanın bərpasının ən azı keçmiş ənənələrinə uyğun müasir səviyyədə həyata keçirilməsinin vacibliyini qeyd edib: “Əminik ki, AMEA-nın Rəyasət Heyətinin dəstəyi sayəsində Qarabağ Elmi-Tədqiqat Bazası qısa müddətdə bərpa olunaraq əvvəlki ənənəsinə uyğun yenidən maraqlı, aktual elmi-nəzəri və praktik əhəmiyyətli elmi tədqiqatların aparılması mərkəzinə çevrilməklə sağlam və təhlükəsiz bitki sortlarının və heyvan cinslərinin yaradılması sayəsində ölkə əhalisinin etibarlı ərzaq məhsulları ilə təmin olunmasına yeni-yeni töhfələr verəcəkdir”.