AMEA Botanika İnstitutuinda 8 noyabr Zəfər Gününə həsr olunmuş onlayn tədbir keçirilib. İnstitutun baş direktoru, b.e.d., professor Səyyarə İbadullayeva tədbiri giriş sözü ilə açaraq Zəfər Günü münasibəti ilə kollektivi təbrik edib. Bildirib ki, işğal altındakı ərazilərimizin azad edilməsi ilə nəticələnən 44 günlük Vətən Müharibəsi tariximizin ən şərəfli səhifəsidir. Qalib Azərbaycan xalqı Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Qarabağın gözü sayılan Şuşa şəhərinin noyabrın 8-də azad olunması müharibənin taleyində həlledici rol oynayıb və hərbi əməliyyatları dayandırılmasına səbəb olub. Alim vurğulayıb ki, torpaqlarımız işğal altında olarkən erməni vandalları tərəfindən kompleks şəkildə istismara məruz qalıb, flora və faunası məhv edilib. Gələcəkdə həmin ərazilərə ekspedisiyaların təşkili, bölgənin bitki müxtəlifliyinin öyrənilməsi Botanika İnstitunun əsas istiqamətlərindən biri olmalıdır.
İnstitutun elmi katibi b.ü.f.d., dosent Xuraman Xəlilova, Mikologiya şöbəsinin müdiri b.e.d. Dilzarə Ağayeva, GAMŞ-nın sədri Aydan Zeynalova çıxış edərək, möhtəşəm Qələbəmizin tarixi əhəmiyyətindən danışıblar. Bu qələbənin Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti, Azərbaycan oğullarının şücaəti və xalqımızın birliyi sayəsində əldə edildiyini bildiriblər.
Tədbirin sonunda Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş olunub.
Zəfər Gününün ildönümü münasibətilə İnstitutda iməclik təşkil olunub. İməclik zamanı kollektiv tərəfindən institutun həyətində abadlıq işləri aparılıb, ağaclara qulluq göstərilib, ərazi qurumuş otlardan və tullantılarından təmizlənib.