Arxiv
Mikrobiologiya İnstitutu xarici əlaqələrini genişləndirir
23.11.2021

AMEA-nın Mikrobiologiya İnstitutu ilə Qazaxıstan Respublikasının Elm və Təhsil Nazirliyinin Elm Komitəsinin Mikroorqanizmlərin Respublika Kolleksiyası dövlət müəssisəsi arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanıb.

Memoranduma əsasən, tərəflər mikroorqanizm kulturalarının kolleksiyasının yaradılmasını və bununla bağlı layihələr, mikrobiologiya və biotexnologiya sahəsində birgə tədqiqatlar aparmağı nəzərdə tutur. Bundan başqa, kadr hazırlığı sahəsində hər iki müəssisə elmi xarakterli konfrans və seminarların təşkili ilə bağlı əməkdaşlıq etməyi planlaşdırır.

5 ili əhatə edəcək memoranduma müvafiq olaraq. qarşı tərəfin iki əməkdaşı, b.ü.f.d. Gülmira Bisenova və Janar Tekebayeva Mikrobiologiya İnstitutunu ziyarət edib, müəssisənin laboratoriyalarında aparılan tədqiqatlarla yaxından tanış olublar.

Qonaqlar səfər çərçivəsində Mikroorqanizmlərin Respublika Kolleksiyasında aparılan işlər haqqında Mikrobiologiya İnstitutunun Elmi şurasında təqdimatla çıxış ediblər.

Sonra institutun baş direktoru, AMEA-nın müxbir üzvü Pənah Muradov qazaxıstanlı alimlərə sertifikatlar təqdim edib.