Arxiv
Akademik İbrahim Quliyev “Ecoworld” mükafatının laureatlarının təltifolunma mərasimində iştirak edib
02.12.2021

Noyabrın 30-da Moskvada Rusiya Təbiət Elmləri Akademiyasında “Ecoworld” beynəlxalq mükafatının onlayn təqdimat mərasimi keçirilib.

AMEA-nın vitse-prezidenti, Rusiya Təbiət Elmləri Akademiyasının Azərbaycan Elmi Mərkəzinin sədri, “Ecoworld” Himayəçilər Şurasının üzvü və “Ekoloji siyasət və ətraf mühit” nominasiyası üzrə müsabiqənin nəticələrini elan edən münsiflər heyətinin sədri, akademik İbrahim Quliyev müsabiqənin laureatlarının mükafatlandırılmasında iştirak edib.

Təltifetmə mərasimindən öncə çıxış edən akademik İbrahim Quliyev bildirib ki, planetimizdə baş verən son hadisələr ekologiya və təbii proseslərin sərhəd tanımadığını bir daha göstərdi. Onun sözlərinə görə, bütün ölkələrin alim və tədqiqatçılarının vəzifəsi Yer kürəsində bütün canlıları qorumaq, sivilizasiyanın ən təhlükəli ssenarilər üzrə inkişafının qarşısını almaq üçün səyləri birləşdirməkdir və Azərbaycan və Rusiya alimləri bu problemlərin həllinə mühüm töhfə verə bilərlər.

Mükafatlandırma mərasimində Rusiya Təbiət Elmləri Akademiyasının prezidenti Oleq Kuznetsov, Rusiya Təbiət Elmləri Akademiyasının vitse-prezidentləri Lida İvanitskaya və “Resurslara qənaət və ekoloji cəhətdən təmiz texnologiyalar, istehsal və istehlak tullantılarının emalı” nominasiyası üzrə münsiflər heyətinin sədri Əzizağa Şahverdiyev laureatların mükafatlandırılması mərasimində çıxış ediblər.

Qeyd edək ki, “Ecoworld” beynəlxalq ekoloji mükafatı 2003-cü ildə Rusiya Təbiət Elmləri Akademiyası tərəfindən təsis edilən və ətraf mühitin mühafizəsi sahəsində nailiyyətlərə görə verilən “Ecomir” milli mükafatının davamçısıdır. 2017-ci ildə beynəlxalq status alıb. Bu il mükafat Rusiyanın 35 regionundan və dünyanın 20 ölkəsindən 200 layihəni bir araya gətirib.