Arxiv
AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Elmi şuranın növbəti iclası keçirilib
02.12.2021

Dekabrın 1-də AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib. Əvvəlcə 30 noyabr 2021-ci il tarixində Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması nəticəsində həlak olan hərbi qulluqçuların xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

İclası giriş sözü ilə açan İnstitutun baş direktoru, AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova “Hüceyrənin membran sistemləri” laboratoriyasının müdiri, biologiya elmləri doktoru, professor Səftər Süleymanovu 70 illik yubileyi münasibətilə kollektiv adından təbrik edib, ona İnstitutun Fəxri Fərmanını təqdim edib. İclasda iştirak edən Botanika İnstitutunun baş direktoru Səyyarə İbadullayeva, Mərkəzi Nəbatat bağının baş direktoru Natiq Allahverdiyev rəhbərlik etdikləri institutların kollektivi adından yubilyarı təbrik ediblər. Sonra iclasın gündəliyində duran cari məsələlər – Bitki biotexnologiyası, Bioinformatika laboratoriyalarının, Hesablama struktur biologiyası beynəlxalq laboratoriyasının və Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin illik hesabatları dinlənilib. Bitki biotexnologiyası laboratoriyasının müdiri b.ü.f.d. Tofiq Qaragözov “Hüceyrə və molekulyar biotexnologiyalar yolu ilə kənd təsərrüfatı, insan sağlamlığı, sənaye, təbii ekosistemlərin qorunması və səmərəli istifadəsi problemlərinin həlli yollarının araşdırılması”, Bioinformatika laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü İlham Şahmuradov “Insan, bəzi heyvan və bitki genomlarının funksional təşkilnin tədqiqi”, Hesablama struktur biologiyası beynəlxalq laboratoriyasının müdiri b.ü.f.d. Qərib Mürşüdov “Makromolekulların üçölçülü quruluş modellərinin statistik analizi və validasiyası” mövzuları ətrafında 2021-ci ildə laboratoriyalarda yerinə yetirilən elmi-tədqiqat işləri, konfrans və seminarlarda iştirak, əldə edilən mühüm nəticələr, çap işləri, kadr hazırlığı haqqında ətraflı məlumat veriblər. Beynəlxalq və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Minaxanım Əliyeva İnstitutun imbb.az saytına cari ildə ölkələr və aylar üzrə baxış sayı, saytın xəbərlər bölməsində yerləşdirilən məlumatların statistikası, institutun fəaliyyətinin kütləvi informasiya vasitələrində işıqlandırılması haqqında məlumatları şura üzvlərinin diqqətinə çatdırıb.

Hesabatlar ətrafında geniş müzakirələr aparılıb və hesabatların qəbul olunması haqqında qərar qəbul edilib.