AMEA Botanika İnstitutunun Alqologiya və lixenobriologiya laboratoriyasının müdiri b.ü.f.d., dosent Şəkər Muxtarova və doktorant Aytən Xanbutayeva Rusiya Azov-Qaradəniz filialının okeanoqrafiya və balıqçılıq Elmi Tədqiqat İnstitutunda (Rostov şəhəri ) ezamiyyətdə olub. Səfərin məqsədi A.Xanbutayevanın elmi rəhbəri Ş.Muxtarova və elmi məsləhətçisi həmin institutun Hidrobiologiya laboratoriyasının müdiri b.e.n., dosent Dmitriy Afanasyevlə tədqiqat obyekti və metodların müəyyən olunması, həmçinin, Xəzər dənizinin sahil ekosistemində toplanılan makrofit nümunələrinin təyini olub.
Səfər Azərbaycandan aparılan 20 nümunənin tədqiqi zamanı Xəzər dənizi üçün yeni növlər (Cladophora flexuosa, Cladophora liniformis, Ulva maeotica) aşkar olunub ki, Astara rayonu Xəzər sahilboyu makrofitobentosun tərkibi əsasən yaşıl (Chlorophyta), qırmızı (Rhodophyta) və qonur (Phaeophyta) yosunlardan təşkil olunmuşdur.
Qeyd edək ki, AMEA Rəyasət Heyətinin prioritet mövzularından biri kimi elan etdiyi və Xəzər dənizinin sahil ekosistemində həlledici rol oynayan orqanizmlərdən makrofitobentosların müxtəlif kompleks tədqiqat metodlarının tətbiqi ilə öyrənilməsi müasir dövrdə Botanika İnstitutu üçün yeni əməkdaşlıq istiqamətləri açacaqdır.