Arxiv
MBBİ-nin Elmi şurasının növbəti iclası keçirilib
09.12.2021

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) Elmi şurasının növbəti iclası keçirilib.

İnstitutun baş direktoru, AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova iclası giriş sözü ilə açaraq şura üzvlərini gündəlikdə duran məsələlərlə tanış edib. O bildirib ki, bu günkü iclasda “Bitkilərin ətraf mühitin stres amillərinə cavab reaksiyalarının molekulyar-genetik və proteomik tədqiqi” mövzusu ətrafında tədqiqat aparan Genomun quruluşu və ekspressiyası və Bioadaptasiya laboratoriyalarının hesabatı dinləniləcək.

Genomun quruluşu və ekspressiyası laboratoriyasının müdiri b.ü.f.d. Ələmdar Məmmədov qeyd olunan mövzu ətrafında laboratoriyada görülən işlər və əldə olunan nəticələr, nəşr olunan məqalələr, kadr hazırlığı haqqında şura üzvlərinə məlumat verib. Qeyd olunub ki, laboratoriyada cari ildə buğda bitkisində duzadavamlılıqla əlaqəli genlərinin ekspresiya analizi aparılıb, abiotik stresə məruz qalmış bitkilərdə DNT zədələnmələrinin və reparasiyasının total transkriptom səviyyəsində spesifik monoklonal antitellər vasitəsilə müqayisəli tədqiqi həyata keçirilib. Kadr hazırlığı çərçivəsində doktorant Fidan Hüseynova Fransanın Montpelye Universitetinin  Biomühəndislik və nanoelmlər laboratoriyasında təhsilini uğurla başa vurub və dissertasiya işinin müdafiəsinə hazırlaşır. AMEA-nın Lənkəran Regional Elmi Mərkəzi ilə birgə elmi tədqiqatların aparılmasını və kadr hazırlığını nəzərdə tutan müqavilə çərçivəsində Lənkəran Dövlət Universitetinin “Molekulyar biologiya” ixtisası üzrə dissertantı Suğra Həmidova dissertasiya işinin yerinə yetirilməsi üçün həmin bölgədən toplanan bitki nümunələrinin analizini institiutun Bioadaptasiya laboratoriyasında həyata keçirib.

Bioadaptasiya laboratoriyasının aparıcı elmi işçiləri biologiya elmləri doktoru Tofiq Allahverdiyev, biologiya üzrə fəlsəfə doktorları Samirə Rüstəmova, Nərgiz Sultanova, Gülnarə Balakişiyeva tərəfindən cari ildə görülən işlər, nəşr olunan məqalələr, yerinə yetirilən qrant layihələri, yerli və xarici ezamiyyələr barəsində şura üzvlərinə ətaflı hesabat verilib. Qeyd olunub ki, cari ildə qoyulan mövzuya uyğun olaraq su qıtlığı və rehidratasiya şəraitində kontrast buğda genotiplərinin fizioloji statusu qeyri-invaziv rəqəmsal fenotipləmə üsulu ilə qiymətləndirilib,  DREB1 transkripsiya faktoru geninin ekspresiyası və antioksidant müdafiə sistemi komponentləri öyrənilib, buğda bitkisində quraqlıq və yüksək temperatura davamlılığa cavabdeh genlər şəbəkəsinin ekspresiya analizi həyata keçirilib. Azərbaycanda bitkilərdə yayılan virus və fitoplazma xəstəliklərinin epidemiologiyası, molekulyar-genetik xarakteristikası, patogen-sahib bitki əlaqələrinin və patogenlərə qarşı davamlılıq mexanizmlərinin tədqiqi sahəsində maraqlı nəticələr əldə olunub. Laboratoriyalarda tədqiqatlar beynəlxalq elmi mərkəzlər və universitetlərlə sıx əməkdaşlıq çərçivəsində həyata keçirilib. Əksəriyyəti gənclərdən ibarət olan laboratoriyada kadr hazırlığı uğurla davam etdirilib. Belə ki, cari ildə laboratoriyanın “Bitki fiziologiyası” ixtisası üzrə dissertantı Lalə Aydınlı dissertasiya işini müdafiə edib, “Molekulyar biologiya” ixtisası üzrə dissetant Gülnar Abdullayeva İslam İnkişaf bankının PhD üzrə təqaüd proqramı çərçivəsində Böyük Britaniyanın Oksford Universitetində doktorantura təhsilini davam etdirməkdədir. Laboratoriyanın kiçik elmi işçisi Sabina Ömərova “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində keçirilən müsabiqənin qalibi kimi Fransanın Monpelye Universitetində təhsil almaq hüququ əldə edib.

Çıxışlar ətrafında geniş müzakirələr aparılıb, sual və təkliflər səsləndirilib. İclasın sonunda hesabatların yekdilliklə qəbul olunması barədə qərar qəbul olunub.