Arxiv
Genetik Ehtiyatlar İnstitutunun 2021-ci ildəki fəaliyyətinə dair hesabat iclası keçirilib
16.12.2021

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) Elmi şurasının və Genetik Ehtiyatlar İnstitutunun (GEİ) Elmi şurasının birgə iclası keçirilib.

İclasda Genetik Ehtiyatlar İnstitutunun 2021-cı il üzrə elmi və elmi-təşkilati fəaliyyətinin yekunları müzakirə edilib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova, BTEB-in və GEİ-nin Elmi şuralarının üzvləri, eləcə də müvafiq mövzu və işlərin rəhbər və icraçıları iştirak edib.

Yığıncağı giriş sözü ilə açan akademik İradə Hüseynova əvvəlcə İkinci Qarabağ müharibəsində qazanılmış böyük zəfərin 1-ci ildönümü münasibətilə tədbir iştirakçılarını bir daha təbrik edib.

Akademik İradə Hüseynova AMEA-da aparılan struktur islahatları haqqında məlumat verərək bildirib ki, cari ildə GEİ-də baş direktor və icraçı direktor vəzifələrinə təyinatlar olub, strukturda dəyişikliklər edilib.

Sonra hesabatı təqdim etmək üçün söz GEİ-nin baş direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərova verilib. Məruzəçi institutun 2021-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti, əldə edilmiş nailiyyətlər, Azərbaycan Respublikası Prezidentinin Fərman və sərəncamlarından, Nazirlər Kabinetinin Qərar və sərəncamlarından irəli gələn və Dövlət proqramlarına uyğun olaraq AMEA-nın müvafiq tapşırıqlarının icrası, həmçinin mövcud problemlər və perspektiv planlar haqqında ətraflı məlumat verib.

AMEA-nın müxbir üzvü Zeynal Əkpərov bildirib ki, institutda elmi tədqiqatlar 3 istiqamət, 3 problem, 7 mövzu, 26 iş, 107 mərhələ üzrə aidiyyəti şöbə və laboratoriyalarda, Abşeron Təcrübə Təsərrüfat Bazasında, habelə respublikanın ayrı-ayrı ekoloji bölgələrində fəaliyyət göstərən Qarabağ Elmi Tədqiqat Bazası, Quba Bölgə Təcrübə Bazası, Şəki, Tovuz və Ağdaş Elmi Təcrübə bazaları, Zuvand və Saray dayaq məntəqələrində, o cümlədən AR Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi Tədqiqat İnstitutunun Qobustan və Tərtər Bölgə Təcrübə stansiyalarında yerinə yetirilib.

Cari ildə Genetik Ehtiyatlar İnstitutunda Yumşaq buğdanın (T.aestivum L.) Leyla və Almaz, bərk buğdanın (T.durum Desf.) Alyans, arpanın (Hordeum vulgare L.) Nur, nar bitkisinin (Punica granatum L.) Fatimə sortları rayonlaşdırılıb və onlar üçün Aqrar Xidmətlər Agentliyi tərəfindən patent və müəlliflik şəhadətnamələri verilib. Azərbaycan mənşəli bərk buğda kolleksiyasında sekvens əsaslı genotipləşdirmə həyata keçirilib və 748 TNP markeri aşkar edilib. Azərbaycanda pambığın (G.hirsutum L.) orta lifli sortlarının yaradılmasına yönəldilmiş seleksiya proqramı həyata keçirilib, yeni yaradılan xətlər müxtəlif kriteriyalar üzrə qiymətləndirilib. Proqramın yekununda 3 seleksiya qrupu üzrə 20 iqtisadi əhəmiyyətli yeni xətt yaradılıb. Azərbaycanın müasir florasında Vicia L. cinsinə aid statusları mübahisəli olan bəzi taksonların biomorfoloji xüsusiyyətləri tədqiq edilib.

Zeynal Əkpərov institutda tədqiqatlarla alınmış bir sıra digər mühüm nəticələri də diqqətə çatdırıb.

Sonra o qeyd edib ki, cari ildə müəssisədə 4-cü magistr buraxılışı həyata keçirilib və bu il “Genetika”, “İnsan genetikası”, “Bitkilərin mühafizəsi” və “Bitkilərin seleksiyası” ixtisasları üzrə 5 nəfər məzun olub. 2021-ci ildə institutun magistraturasına 9 nəfər qəbul olunub. Hazırda institutun I kurs magistraturasında 9, II kursda isə 4 nəfər təhsilini davam etdirir.

İnstitutda 314 nəfər, o cümlədən 147 elmi işçi, 1 AMEA-nın müxbir üzvü, 5 elmlər doktoru, 71 fəlsəfə doktoru, 2 professor çalışır. 2021-ci ildə 5 nəfər doktoranturanı bitirib, 1 fəlsəfə və 2 elmlər doktorluğu dissertasiyası müdafiə olunub. Hal-hazırda institutun 2 əməkdaşı Almaniyada tədqiqatlarını, 1 əməkdaşı ABŞ-da, 1 əməkdaşı İtaliyada və 1 əməkdaşı İngiltərədə təhsillərini davam etdirir.

Müəssisə tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondundan 2 qrant alınıb. 2021-ci ildə institut Avropa Birliyinin COST proqramı üzrə 2 yeni layihəyə, Trust Fondun isə 1 layihəsinə qoşulub.

İnstitutun əməkdaşları tərəfindən 156 elmi əsər çap olunub. Onlardan 68-i məqalə (39-i xaricdə), 84-ü tezis (44-ü xaricdə), 3-ü kitab, 1-i isə monoqrafiyadır. 15 məqalə “Web of Science” və “Scopus” bazalarına daxil olan jurnallarda nəşr edilib.

Vurğulanıb ki, 22 oktyabr 2021-ci ildə Tərtər rayonunun Şıxarx qəsəbəsində Zəfər Gününə həsr olunmuş “AMEA Genetik Ehtiyatlar İnstitutunun Qarabağ Elmi-Tədqiqat Bazasının infrastrukturunun bərpası, bölgə üçün yaradılmış buğda və arpa sortlarının toxumçuluğunun təşkili məsələləri” adlı tarla seminarı və burada aparılan əkinlər regionda aqrar tədqiqatların bərpası istiqamətində atılmış ciddi addım olub.

Çıxışının sonunda AMEA-nın müxbir üzvü Zeynal Əkpərov perspektiv planlar haqda da geniş məlumat verib.

Məruzədən sonra AMEA-nın müxbir üzvləri - Pənah Muradov, Nuru Bayramov, Əlövsət Quliyev, ATU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, t.ü.f.d., dosent Orxan İsayev və başqaları çıxış edərək hesabatın qəbul olunmasını təklif ediblər.

Hesabat məruzəsindən sonra aparılmış geniş müzakirələrə yekun vuran akademik İradə Hüseynova institutun fəaliyyətinin mühüm istiqamətləri üzrə iradlarını bildirib, lazımi tövsiyə və tapşırıqlarını verib.