Arxiv
Bioloq alim Ağa Şixiyevin 80 yaşı tamam olur
22.12.2021

11 dekabr 2021-ci il tarixində AMEA Botanika İnstitutunun “Bitki ehtiyatları” şöbəsinin aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Ağa Şixi oğlu Şixiyevin 80 yaşı tamam olmuşdur. O, 60 ilə yaxın bir müddətdir ki, АМЕА Botanika İnstitutunun əməkdaşıdır. Bu illər ərzində kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi vəzifələrində fəaliyyət göstərmiş, 1997-ci ildən hazırkı vaxtadək İnstitutun “Bitki ehtiyatları” şöbəsində aparıcı elmi işçi vəzifəsində çalışır. Azərbaycan Botaniklər Cəmiyyətinin üzvüdür.

A.Ş.Şixiyev 1972-ci ildə “Abşeronda becərilən Taset Nərgizgülü (Narcissus tarcissus tazetta L.) çiçəyinin efir yağı istehsalında xammal kimi tətbiq olunması” mövzusunda Botanika ixtisası üzrə fəlsəfə doktorluğu dissertasiya işini uğurla müdafiə etmişdir. 2005-ci ildə dosent elmi adını almışdır. Alim tərəfindən yüksək antibiotik xassəyə malik olan bitki mənşəli Plumbagin maddəsinin yeni alınma üsulları və texnologiyaları işlənilmiş və bu əsasda, tərkibində efir yağları olan biokompozisiyaların alınması və tətbiq sahələri müəyyənləşdirilmişdir.

A.Ş.Şixiyevin apardığı elmi-tədqiqat işlərinin nəticələri 85 elmi əsərdə (46- xaricdə, 9-u beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda), o cümlədən 13 ixtira və 8 patentdə (1-i Avrasiya patenti olmaqla) öz əksini tapmış, həmçinin ölkədə və xaricdə bir sıra konqres və konfranslarda təqdim edilmişdir.

A.Ş.Şixiyev uzun illərdir ki, AMEA Botanika İnstitutunun Veteranlar Şurasının sədri olaraq, sosial sferada da çalışır və İnstitutun veteranlarının sosial ehtiyaclarının ödənilməsinə daim səy göstərir.

Biz, AMEA Botanika İnstitutunun kollektivi olaraq, Ağa müəllimi anadan olmasının 80, əmək fəaliyyətinin 60-illik yubiley tarixləri münasibətilə səmimi qəlbdən təbrik edir, ona can sağlığı, davamlı ömür yolu və elmi yaradıcılığında uğurlar arzulayırıq!