Arxiv
AMEA Mərkəzi Nəbatat Bağında yaşıllıqların bərpası istiqamətində işlər davam edir
22.12.2021

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin tapşırıqlarına müvafiq olaraq Mərkəzi Nəbatat Bağında görülən abadlıq-quruculuq, yaşıllaşdırma və ağacəkmə işləri xüsusi diqqətlə icra olunur.

Qeyd edək ki, Bağda gedən ağacəkmə işləri çərçivəsində çinar ağaclarının əkilməsi prosesi başlanıb. Bu ağacın seçilməsi və Bağda əkilməsi, bitdiyi yerin havasını ionlaşdıraraq təbii kondisioner rolunu oynadığı, havanı təravətləndirdiyi və tarixi çox qədim olan Kaynazoy erasının üçüncü dövr relikt florasının yadigarı sayıldığı üçün seçilmişdir. Görkəminə və nadir bioekoloji əlamətlərinə görə o Şərqin ağac florasının mirvarisi, möhtəşəm gövdəsi, əzəmətli, yaraşıqlı çətirinə görə Cənubun nəhəng ağacı adlandırılır. Bununla yanaşı ağacların əkildiyi sahə alaq otlarından, qurumuş budaqlardan təmizlənir və əkilən yeni bitkiyə ilk aqrotexniki qulluq göstərilir. Şərq çinarı Mərkəzi Nəbatat Bağının gözəlliyini daha da artıraraq, ziyarətçilərin zövqünü oxşayacaq.

Həmçinin, abadlıq-quruculuq işləri çərçivəsində Bağın ekskursiya sahələrinin işıqlandırma sisteminin və işıq dirəklərinin quraşdırılması prosesi son mərhələdədir. İşıqlandırma sistemlərinin quraşdırılmasının əsas məqsədi ziyarətçilərin gecə saatlarında rahat gəzintisinə şərait yaratmaqdır. Bu müasir işıq dirəkləri bir-birinə yaxın yerdə quraşdırılır ki, Bağ sahəsi daha güclü işıqlandırılsın.

Mərkəzi Nəbatat Bağında aparılan yenidənqurma işlərinin məqsədi Bağdakı şəraiti daha da yaxşılaşdırmaq, ən müasir dövrün tələblərinə uyğun şəkildə ziyarətçilərin istifadəsinə verməkdir.