Arxiv
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun illik hesabatı dinlənilib
23.12.2021

Biologiya və Tibb Elmləri Bölməsinin Elmi şurasının AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) Elmi şurası ilə birgə iclası keçirilib.

Tədbir Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun 2021-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarının müzakirəsinə həsr olunub.

Əvvəlcə 44 günlük Vətən müharibəsi şəhidlərinin və Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması nəticəsində həlak olan hərbi qulluqçuların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İclasa sədrlik edən AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynovan institutun 2021-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunları barədə hesabat məruzəsi ilə çıxış edib.

Məruzəçi ilk olaraq cari ildə Azərbaycan Respublikası Prezidentinin Fərman və sərəncamlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarının, dövlət proqramları ilə əlaqədar tapşırıqların icrası haqqında məlumat verib. O, diqqətə çatdırıb ki, cari ildə institutda 3 istiqamət və 3 problem ətrafında 6 mövzunun yerinə yetirilməsi məqsədilə 26 işin 41 mərhələsi üzrə tədqiqatlar davam etdirilib.

Akademik qeyd edib ki, 2021-ci ildə institutun 14 laboratoriyasında 1 akademik, 4 AMEA-nın müxbir üzvü, 11 elmlər və 21 fəlsəfə doktoru tərəfindən aparılan elmi tədqiqat işlərini əks etdirən 4 ən mühüm nəticə alınıb. İnstitutda dünya üçün prioritet sayılan problemlərin - kompüter biologiyası, süni intellekt, maşınöyrənmə üsulları, nanomateriallar və s. həllinə yönəlmiş kompleks tədqiqatlar aparılır. Bu istiqamətdə kadr hazırlığına xüsusi diqqət yetirilir. İnstitutda “Patologiyaların fizioloji və molekulyar-genetik əsaslarının tədqiqi, yeni diaqnostika və müalicə üsullarının, dərman preparatlarının işlənib hazırlanmasında və reproduktiv təbabətdə yüksək texnologiyaların və kök hüceyrələrinin tətbiqi” istiqamətində tədqiqatlarda və kadr hazırlığında bir sıra mühüm nailiyyətlər əldə edilib. Yeni yaradılan Populyasiya genomiksi laboratoriyasında Azərbaycan populyasiyasının və geniş yayılmış bəzi xəstəliklərin molekulyar-genetik tədqiqi, biobankların və məlumat bazalarının yaradılması istiqamətində intensiv tədqiqatlar aparılmaqdadır.

2021-ci ildə institutun əməkdaşları tərəfindən 22-si yüksək reytinqli jurnallarda olmaqla, ümumilikdə 116 məqalə və tezis, eləcə də 1 dərs vəsaiti dərc edilib. Cari ildə institutda 2 yerli, institut və AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin birgə təşkilatçılığı ilə 3 beynəlxalq konfrans, çoxsaylı elmi seminarlar keçirilib, əməkdaşlar beynəlxalq və yerli konfranslarda iştirak edərək çoxsaylı setifikatlar alıblar.

Elmin və təhsilin inteqrasiyası çərçivəsində magistr hazırlığı uğurla davam etdirilib. Hal-hazırda institutda 16 magistr təhsil alır və tədqiqat işləri aparır. Cari ildə “Molekulyar biologiya”, “Biokimya”, “Biotexnologiya” və “Nanobiotexnologiya” ixtisasları üzrə 9 nəfər II kurs magistrantlarının magistr dissertasiyalarının müdafiəsi keçirilib. İnstitutun nəzdində fəaliyyət göstərən ED 1.25 Dissertasiya Şurasında 2 əməkdaşın dissertasiya işi müzakirə olunaraq sənədləri Ali Attestasiya Komissiyasına təqdim olunub, 1 nəfərin dissertasiya işi seminar şurasında müzakirə olunaraq açıq müdafiəyə təqdim olunub. İnstitutun gənc mütəxəssisləri İslam İnkişaf Bankının təqaüd proqramı, “Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”, AMEA və Fransanın Monpelye Universiteti arasında imzalanmış əməkdaşlıq sazişi əsasında elan edilən müştərək doktorantura proqramı çərçivəsində dünyanın aparıcı universitetlərində təhsil alırlar. Hesabat ilində 3 xarici və 3 yerli təşkilatla qarşılıqlı əməkdaşlıq haqqında rəsmi müqavilələr imzalanıb.

Sonra hesabat məruzəsi ətrafında geniş müzakirələr aparılıb, çıxış edənlər institutun birillik fəaliyyətini və əldə olunan nəticələri yüksək qiymətləndiriblər.

Yekunda müəssisənin illik hesabatı yekdilliklə qəbul olunub.

İclasın sonunda akademik İradə Hüseynova 60 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin üzvləri və elmi kollektivləri adından səmimi qəlbdən təbrik edib, ona uzun ömür, möhkəm can sağlığı, Vətənimizin durmadan yüksəlişi, çiçəklənməsi, iqtisadi, siyasi, hərbi qüdrətinin artması, müstəqilliyinin və ərazi bütövlüyünün dönməzliyi istiqamətində müqəddəs fəaliyyətlərində daha böyük uğurlar arzulayıb. Müzəffər Ali Baş Komandanın Azərbaycanın müasir tarixində misilsiz rolundan danışan natiq Vətən müharibəsində qazanılmış qələbəyə son 200 il ərzində ilk dəfə olaraq imza atıldığını bildirib. Akademik İradə Hüseynova bu önəmli hadisə ilə bağlı Mərkəzi Nəbatat Bağında tədbir keçiriləcəyini və 60 çinar ağacının əkiləcəyi barədə məlumat verib.