Möhtərəm cənab Prezident!
24 dekabr tarixində Sizin 60 yaşınız tamam olur. Heç şübhəsiz ki, bu münasibətlə Sizin ünvanınıza xarici ölkə başçılarından, həmkarlarınızdan, nüfuzlu elm və mədəniyyət xadimlərindən, həmçinin sadə insanlardan səmimi arzularla dolu çoxsaylı təbrik məktubları daxil olacaqdır. Ancaq belə hesab edirəm ki, 60 illik yubileyinizə ən dəyərli təbriki Siz özünüz etmisiniz. 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi zəfər, əzəli torpaqlarımızın azad edilməsi Sizin həm xalqımıza, həm də özünüzə bəxş etdiyiniz ən dəyərli hədiyyə, göstərdiyiniz ən böyük xidmətdir.
Danılmaz həqiqətdir ki, Azərbaycana başçılıq etdiyiniz 18 il ərzində ölkəmiz Sizin rəhbərliyiniz altında bütün sahələrdə tarixi nailiyyətlər qazanmış, mürəkkəb, ancaq şərəfli inkişaf yolu qət etmişdir. Sizin siyasi idarəçilik bacarığınız, diplomatik məharətiniz, qətiyyətiniz nəticəsində Azərbaycan bu gün Cənubi Qafqaz regionunun lider dövləti statusunu qazanmış, dünya birliyində öz layiqli yerini tutmağa müvəffəq olmuşdur. Xalqımız Sizin bu zəhmətinizi və misilsiz xidmətlərinizi yüksək qiymətləndirir, haqlı olaraq Sizinlə qürur duyur. Böyük iftixar hissilə qeyd etməliyik ki, bu gün Siz dünyada sayılıb-seçilən, öz mövqeyi, dəst-xətti olan görkəmli dövlət xadimi, mahir siyasətçi kimi də böyük nüfuz sahibisiniz. Artıq indidən əminliklə deyə bilərik ki, Siz Azərbaycan xalqının tarix boyu yetişdirdiyi görkəmli dövlət xadimləri Şah İsmayıl Xətai, Şah Abbas, Nadir şah, Heydər Əliyev kimi böyük şəxsiyyətlərin cərgəsində öz layiqli yerinizi tutmusunuz. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin övladı və siyasi varisi olaraq Siz, cənab Prezident, onun arzuladığı güclü, müasir və zəngin Azərbaycanın memarı kimi öz adınızı əbədi olaraq xalqımızın qəlbinə, yaddaşına həkk etdirməyi bacarmısınız.
Cənab Prezident!
AMEA kollektivi adından Sizi 60 illik yubileyiniz münasibətilə təbrik edir, Sizə möhkəm can sağlığı, dövlətçilik fəaliyyətinizdə uğurlar arzu edirik. Şübhə etmirik ki, Sizin rəhbərliyiniz altında işğaldan azad olunmuş Qarabağ torpaqları tezliklə gülüstana çevriləcəkdir. Əmin ola bilərsiniz ki, Azərbaycan Milli Elmlər Akademiyasının kollektivi bundan sonra da şərəfli dövlətçilik fəaliyyətinizdə Sizin yanınızdadır!
Dərin hörmətlə,
AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev