AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun “Qarabağın coğrafiyası: təbii şərait və resurs potensialı” adlı yeni nəşri çapdan çıxıb.
Kitab institutun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminovun baş redaktorluğu, institutun 12 alimindən ibarət redaksiya heyətinin iştirakı ilə işıq üzü görüb.
10 fəsli əhatə edən monoqrafiya Azərbaycanın tarixi-coğrafi bir hissəsi olan Qarabağ və Şərqi Zəngəzur ərazisinin coğrafi mövqeyinin təbii şəraitə və sosial-iqtisadi inkişafa təsirini, müasir fiziki və iqtisadi-coğrafi problemlərini, eləcə də öyrənilməsi tarixi və toponimikasını ətraflı işıqlandıran fundamental və tətbiqi xarakter daşıyan elmi əsərdir.
Çoxsaylı xəritə, şəkil, qrafik və faktiki statistik materialların qarşılıqlı müqayisəli təhlili nəticəsində hazırlanmış cədvəllərin əksini tapdığı kitabda ərazisinin geoloji quruluşu, paleocoğrafiyası, relyefi və əsas oroqrafik vahidləri ətraflı araşdırılıb, relyefinin əsas xüsusiyyətləri və ekogeomorfoloji qiymətləndirilməsi aparılıb, oroqrafiyası, geoloji-geomorfoloji quruluşu, iqlimi, daxili suları, torpaq və bitki örtüyü, heyvanlar aləmi, landşaft müxtəlifliyi geniş təhlil edilib.
Əsər dövlət təşkilatlarının mütəxəssisləri, elmi işçilər, ali məktəblərin professor-müəllim heyəti, bakalavr, magistr, doktorantlar və eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.