Botanika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Aydan Zeynalova və gənc əməkdaşı Aygün Bağırova Pakistanın Lahor Dövlət Universitetində (Lahor şəhəri) beynəlxalq təlimdə iştirak məqsədi ilə səfərdədirlər. Səfər müddətində gənclər Botanika şöbəsinin rəhbəri, professor Tehreema İftixarın rəhbərliyi ilə Lahor şəhərində yerləşən özəl şirkətlərdən birində fəaliyyət göstərən müxtəlif laboratoriyaların avadanlıq təminatı və orada aparılan işlərlə tanış olmaq məqsədi ilə Beynəlxalq Textile Test laboratoriyasında olublar. Şirkətin baş meneceri Professor Sarımın sözlərinə görə, burada ətraf mühitin mühafizəsi, qida emalı, tekstil, kimya, neft-qaz, kənd təsərrüfatı və boya kimi bir çox sənaye sahələrinə dair içməli su, atmosfer havasının monitorinqi, bərk məişət tullantılarında kimyəvi analizlər, mikrob analizləri və s. daxil olmaqla 5000-ə yaxın test analizi növü aparılır. Analizlər müasir xromatoqrafiya və spektroskopiya metodlarından istifadə edilərək həyata keçirilir.