Arxiv
Elmi-təşkilat idarəsi 2021-ci il üzrə illik hesabatını verib
30.12.2021

AMEA Rəyasət Heyəti aparatının Elmi-təşkilat idarəsinin illik hesabatına həsr olunmuş iclas keçirilib.

Tədbirdə AMEA Rəyasət Heyəti aparatının rəhbəri, filologiya üzrə fəlsəfə doktoru, dosent Seyfəl Həsənov, Elmi-təşkilat idarəsinin rəisi, fizika üzrə fəlsəfə doktoru, dosent Rüstəm Rüstəmov, idarə rəisinin müavini, texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynov və idarənin əməkdaşları iştirak ediblər.

Yığıncağı giriş sözü ilə açan AMEA Rəyasət Heyəti aparatının rəhbəri Seyfəl Həsənov iclasın gündəliyində olan məsələləri iştirakçıların diqqətinə çatdırıb və hesabatın dinlənilməsi üçün sözü Elmi-təşkilat idarəsinin rəisi, fizika üzrə fəlsəfə doktoru, dosent Rüstəm Rüstəmova verib.

R.Rüstəmov bildirib ki, rəhbərlik etdiyi idarə 2021-ci ildə öz əsasnaməsinə uyğun olaraq fəaliyyət göstərib, eyni zamanda AMEA rəhbərliyi tərəfindən tapşırılmış işlər icra olunub. Həmçinin AMEA-da aparılmış son islahatlar Elmi-təşkilat idarəsinin fəaliyyətinə müsbət təsir göstərib, idarənin faəliyyətinin səmərliliyi artıb, idarənin öhdəsinə düşən vəzifələr daha uğurla həyata keçirilib.

R.Rüstəmov bildirib ki, idarənin Elmi planlaşdırma və monitorinq şöbəsi tərəfindən AMEA-nın 2021-2025-ci illər üzrə elmi tədqiqat işlərinin 5 illik mövzu planının və 2021-ci il üçün elmi tədqiqat işlərinin əhatəli planının hazırlanması ilə bağlı işlər yerinə yetirilib, müvafiq qərar və sərəncam layihələri hazırlanıb, bölmələrdən daxil olmuş planlar sistemləşdirilərək AMEA Rəyasət Heyətinin müzakirəsinə təqdim olunub. Hazırda 2022-ci il üzrə AMEA-da aparılacaq elmi tədqiqat işlərinin əhatəli planının hazırlanması ilə bağlı işlər icra olunmaqdadır. İşin icrası ilə əlaqədar AMEA prezidentinin müvafiq sərəncamının icrası ilə bağlı elmi bölmələrdən təqdim olunan planlar təhlil edilərək sistemləşdirilməkdədir.

Eyni zamanda elmi tədqiqat mövzularının təməl maliyyələşdirilməsi saxlanılmaqla tədqiqat işlərinin layihələndirmə prinsiplərinə uyğun olaraq formalaşdırılması istiqamətində hazırlıq işləri başlanılıb. Məqsəd tədqiqat işinə cəlb olunan əməkdaşların elmin kommersiyalaşması istiqamətində düşüncə və yanaşma tərzinin formalaşdırılmasıdır.

R.Rüstəmov qeyd edib ki, Elmi planlaşdırma və monitorinq şöbəsi tərəfindən AMEA-nın 2020-ci ildəki fəaliyyəti haqqında hesabat məcmuəsi hazırlanıb və AMEA-nın illik Ümumi Yığıncağında təsdiq olunub. Hazırda AMEA-nın 2021-ci ildəki fəaliyyəti haqqında hesabat məcmuəsinin hazırlanması istiqamətində işlər gedir. Müvafiq qərar və sərəncam layihələri hazırlanıb, elmi bölmələr və elmi müəssisələr tərəfindən təqdim olunmuş materiallar təhlil olunaraq sistemləşdirilir. AMEA-nın növbəti illik Ümumi Yığıncağına qədər hesabat məcmuəsinin nəşri təmin olunacaq.

İdarə tərəfindən kadr potenisialının atrırılması istiqamətində müvafiq işlərin görülməsinə cəhd edilib, kadrların fərdi qabiliyyətlərinin dəyərləndirilməsi üçün test sistemi yaradılıb və gələcəkdə tətbiqi üçün onun sınaqdan keçirilməsi nəzərdə tutulub. Bununla yanaşı keyfiyyətin idarəetmə sisteminin idarə daxilində yaradılması və beynəlxalq sertifikasiyasının əldə edilməsi istiqamətində hazırlıq işlərinə başlanılması nəzərdə tutulub.

İdarə rəisi məlumat verib ki, SOCAR-ın Elm Fondu tərəfindən AMEA üçün növbəti qrant müsabiqəsi elan olunub. Elmi planlaşdırma və monitorinq şöbəsi tərəfindən layihələrin qəbulu, qeydiyyatı və sistemləşdirilmsi həyata keçirilib. Layihələrin qiymətləndirilməsi ilə bağlı müvafiq sənədlərin, protokolların hazırlanması, müsabiqə komissyasının işinin təşkili, layihələrin texniki ekspertizası və digər müvafiq işlər yerinə yetirilib. Eyni zamanda 2019-cu il müsabiqəsinin bitmiş layihələrinin hesabatlarının müzakirəsi və SOCAR-a təqdim olunması təmin edilib.

AMEA-nın 2020-ci ildəki elmi fəaliyyəti haqqında qısa xülasəsinin (Azərbaycan və ingilis dillərdən) hazırlanması ilə əlaqədar bölmələrlə əməkdaşlıq şəraitində işlər icra olunub. Bölmələrdən təqdim olunmuş materiallar, təhlil olunub, redaktə edilib və nəşriyyata göndərilib. İşlər tamamlandıqdan sonra dünyanın müxtəlif elmi qurumlarına və ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatlara və səfirliklərə təqdim olunacaq.

AMEA və TUBİTAK arasında müxtəlif sahələri və təyinatları özündə ehtiva edən Mükəmməllik mərkəzlərinin yaradılması və digər mümkün sahələr üzrə əməkdaşlığın genişləndirilməsi istiqamətində TUBİTAK-ın müvafiq qurumu ilə geniş müzakirələr aparılıb.

Elmi-təşkilat idarəsi tərəfindən “Azərbaycan Respublikasında 2022-2030-cu illərdə elmin dayanıqlı inkişafı üzrə Milli Strategiya” layihəsinə daxil edilməsi üçün müvafiq paraqraflar hazırlanıb, bundan əlavə Strategiyanın icrasına dair tədbirlər planına da müvafiq təkliflər hazırlanaraq aidiyyatı üzrə təqdim edilib.

Elmi-təşkilat idarəsinin rəisinin müavini Hüseyn Hüseynov tərəfindən AMEA-nın 75 illiyi münasibətilə “AMEA simalarda” kitabı hazırlanıb.

Dünyanın məşhur yayım evi Bentham Science Publishers ilə əməkdaşlığın edilməsi üçün Yayım evinin səlahiyyətli nümayəndəsi ilə AMEA-da görüş təşkil olunub və Yayım evinin bazasına maliyyə vəsaiti ödənilmədən AMEA-nın əməkdaşları üçün giriş imkanı əldə etmək üçün razılıq əldə edilib. Giriş AMEA-nın bütün təşkilatlarına şamil edilib. Maliyyəsiz sınaq girişi 2022-ci ilin ilk iki ayı müddətində fəaliyyətdə olacaq.

2022-də AMEA-da keçirilməsi nəzərdə tutalan konfransların və simpoziumların planın hazırlanması ilə işlər yerinə yetirilib, bölmələrdən təqdim olunan tədbirlər sistemləşdirilib. Yaxın zamanlarda AMEA Rəyasət Heyətinin müzakirəsinə təqdim olunacaq.

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda formalaşdırılmış işçi qrup tərəfindən “Dissertasiya mövzularının reyestri” sistemi yaradılıb və istismar edilməsi üçün Elmi-təşkilat idarəsinin Elmi əlaqələndirmə şöbəsinə təhvil verilib. Sistem Elmi tədqiqatların Əlaqələndirilməsi şurasının problem şuralarının fəaliyyətini müasir informasiya texnologiyalarının imkanlarından istifadə edərək elmin əlaqələndirilməsi işinin daha mükəmməl geçəkləşdirilməsi üçün yaradılıb.

Elmi-təşkilat idarəsinin bəzi əməkdaşları bir sıra mühüm beynəlxalq tədbirlərdə iştirak edib. Avropa Şurasının EU4Environment of the RECP toplantısında Elmi-təşkilat idarəsinin rəisi onlayn rejimdə iştirak edib. Toplantı zamanı layihənin Avropa Şurası tərəfindən təmsilçisi ilə ayrıca görüşün keçirilməsi haqda müraciət edilib. Görüşdə Avropa Şurası çərçivəsində reallaşdırılan layihələrdə AMEA-nın birbaşa iştirakı üçün zəminin yaradılması və EU4Environment of the RECP çərçivəsində də öz növbəsində AMEA-nın iştirakının təmin olunması imkanlarının axtarılmasına dair razılıq əldə edilib.

Ukrayna Elm Fondu ilə müxtəlif sahələrdə əməkdaşlığın qurulması üçün Fondun rəhbərliyi səviyyəsində Beynəlxalq Elmi Əməkdaşlıq şöbəsilə birgə görüş təşkil edilib və əməkdaşlığın Azərbaycan Elmin İnkişaf Fondu ilə də birgə gerçəkləşdirilməsi qərara alınıb.

Qara Dəniz İqtisadi Əməkdaşlıq təşkilatı çərçivəsində həyata keçirilən onlayn konfransda Elmi-təşkilat idarəsinin rəisi AMEA-nı təmsil edib.

İslam Ölkələrinin İqtisadi Əməkdaşlıq Təşkilatının Elmi Fondunun prezidenti ilə Elmi-təşkilat idarəsinin rəisinin onlayn formatda görüşü olub və AMEA ilə Fond arasında işçi əməkdaşlığın yolları müzakirə olunub.

Elmi-təşkilat idarəsinin rəis müavini, texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynov Türkiyədə keçirilmiş “Technical and Physical Problems of Engineering” beynəlxalq konfransa onlayn iştirak edib.

Elmi planlaşdırma və monitorinq şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Vüsal Zülfüqarov may ayında Ankarada Türkiyə Cümhurbaşkanlığının təşkilatçılığı ilə keçirilmiş beynəlxalq I Mediya və İslamofobiya simpozyumunda iştirak edərək məruzə edib. Oktyabr ayında Türkiyənin Burdur şəhərində keçirilmiş “İstiqlal marşının qəbulunun 100 illiyinə” həsr olunmuş 3-cü Beynəlxalq Mehmet Akif Ersoy Simpoziumunda məruzə ilə çıxış edib.

Hesabat ilində Elmi-təşkilat idarəsinin rəisinin Amerika Birləşmiş Ştatlarında bir kitabı nəşr edilib.

Elmi-təşkilat idarəsi tərəfində görülmüş işlərdən biri də AMEA-nın gənc alimləri ilə bağlı olub. Belə ki, AMEA-nın elmi müəssisələrində fəaliyyət göstərən Gənc Alim və Mütəxəssislər Şuralarının yeni tərkibinin formalaşdırılması ilə bağlı müvafiq sənədlərin hazırlanması və təşkilati işlərin icrası həyata keçirilib. “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun 9-1.2. bəndinə uyğun olaraq şuraların tərkibi yeniləşdirilərək gəncləşdirilib. Elmi-təşkilat idarəsinin rəisi və idarənin məsul əməkdaşlarının AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri və idarə heyəti ilə iki dəfə görüşü təşkil edilib.

Hesabat dinlənildikdən sonra görülmüş işlərlə bağlı müzakirələr aparılıb. İdarənin hesabatı qəbul edilib.