Arxiv
AMEA-nın Kimya Elmləri Bölməsi 2021-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat verib
13.01.2022

Yanvarın 12-də AMEA-nın Rəyasət Heyətinin növbəti iclasında Akademiyanın Kimya Elmləri Bölməsinin 2021-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat dinlənilib.

Hesabatı təqdim edən AMEA-nın vitse-prezidenti, bölmənin Elmi şurasının sədri, akademik Dilqəm Tağıyev bildirib ki, 2021-ci ildə bölmənin institutlarında elmi tədqiqatlar AMEA Rəyasət Heyəti tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında 2021-2025-ci illərdə aparılacaq elmi-tədqiqat işlərinin prioritet istiqamətləri”nə uyğun aparılıb.

Eyni zamanda institutların fəaliyyətində AMEA Ümumi yığıncağının 27 may 2021-ci il tarixli, AMEA Rəyasət Heyətinin 19 yanvar 2021-ci il tarixli və 10 iyun 2021-ci il tarixli qərarlarının icrası ilə əlaqədar görülmüş işlər haqqında, “Azərbaycan Milli Elmlər Akademiyasının 2020-2025-ci illər üçün inkişaf proqramı”nda nəzərdə tutulmuş tədbirlərin icrası haqqında və ölkənin müdafiə qüdrətinin artırılması ilə bağlı görülən işlər haqqında məlumatlar əsas götürülüb.

Azərbaycan Respublikası Prezidentinin 18 iyul 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”na daxil olan layihələrin maliyyəşdirilməsi üçün AMEA-nın akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutuna ayrılan vəsait çərçivəsində 2021-ci ildə Araz çayı üzərində Bəhramtəpə su qovşağının və Muğan su elektrik stansiyasının metal avadanlıqlarının korroziya vəziyyətini öyrənmək və bəzi fiziki-kimyəvi ölçmələr aparmaq üçün tədqiqatlar aparılıb. Görülən işlər haqqında hesabat İqtisadiyyat Nazirliyinə təqdim edilib.

“Azərbaycan Respublikasında işğaldan azad edilmiş ərazilərin 2021-2025-ci illər üzrə bərpası və dayanıqlı inkişafı Dövlət Proqramı”nın Tədbirlər Planı və AMEA Rəyasət Heyətinin 12 yanvar 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş AMEA-nın Tədbirlər Planına Kimya Elmləri Bölməsinin verdiyi təkliflər əsasında tədqiqatların icrası 2022-ci ildən başlayaraq həyata keçirilməsi nəzərdə tutulsa da, bitki boy stimullaşdırıcı maddələrin alınması və sınağı AMEA-nın akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda artıq aparılır.

AMEA-nın Ümumi yığıncağının 27 may 2021-ci il tarixli qərarının icrası ilə əlaqədar aşağıdakı işlər həyata keçirilib:

- Ölkənin müdafiə qüdrətinin yüksəldilməsi məqsədilə xüsusi təyinatlı hərbi texnika üçün rəqabətə davamlı yüksək keyfiyyətli sürtgü materiallarının sınağını keçirmək məqsədilə 630 l sürtgü yağı Xarkov şəhərində yerləşən Maleşev adına zavoda göndərilib və müsbət nəticə ilə sınaqdan keçib;

- Ölkə ərazisində yerləşən su qovşaqları və elektrik stansiyalarında istifadə olunan hidrotexniki qurğuların istismarı nəticəsində korroziyaya uğrama vəziyyətini öyrənmək məqsədilə Araz çayı üzərindəki Bəhramtəpə su qovşağından və Muğan su elektrik stansiyasından su nümunələri götürülüb, onların kimyəvi və bakteroloji analizləri aparılıb, ultrasəs qalınlıq ölçmə cihazı ilə bəzi hissələrin korroziyaya uğrama vəziyyəti müəyyən edilib;

- Plastik sürtgü materialları,  yol tikintisində istifadə olunan adgeziyaya qarşı bitum, tərkibində azot, fosfor və kalium saxlayan mineral gübrə, müxtəlif inhibitor və yağlar üçün aşqarların istehsalı üçün texniki şərtlər hazırlanıb və təcrübə-sınaq partiyaları alınıb.

Hesabat ilində bölmənin institutlarında 12 problemi əhatə edən 42 mövzu və 118 iş üzrə tədqiqatlar aparılıb, 66 iş tamamlanıb. Kimya Elmləri Bölməsinin elmi müəssisələri və digər elm və təhsil müəssisələrində fundamental elmi tədqiqatlar sahəsində 22 mühüm elmi nəticə əldə edilib. 4 tətbiqi xarakterli iş müxtəlif təşkilatlarda sınaqdan keçirilib, müsbət nəticələr alınıb. Bölmənin institutlarında 38 Azərbaycan və 2 Avrasiya patenti alınıb.

AMEA tərəfindən maliyyələşdirilən prioritet istiqamətlər üzrə 4 elmi-tədqiqat proqramlar çərçivəsində işlər yerinə yetirilib.

Hesabat ilində bölmənin 2 Ümumi yığıncağı və  Elmi şurasının 10 iclası keçirilib. İclaslarda respublika Prezidentinin Fərman və sərəncamlarının, AMEA-nın Rəyasət Heyətinin qərarlarının və AMEA prezidentinin sərəncamlarının icrası, kadr məsələləri, struktur dəyişiklikləri, təltiflər və s. məsələlər müzakirə olunub.

AMEA-nın Rəyasət Heyətinin 6 aprel 2021-ci il tarixli qərarı ilə bölmənin elmi tədqiqat institutlarının strukturları təsdiqlənib.

28 yanvar 2021-ci il tarixində “Azərbaycan Respulikası Elmi Tədqiqatların Əlaqələndirmə Şurasının tərkibində problem şuralarının yaradılması haqqında” AMEA Rəyasət Heyətinin qərarı qəbul olunub. Bu qərara əsasən Kimya elmləri üzrə problem şurası sədr akademik Dilqəm Tağıyev olmaqla 19 nəfər şura üzvündən ibarət təsdiq edilib.

2021-ci il noyabr ayının 2-də AMEA-nın akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun baş direktoru, akademik Dilqəm Tağıyev AMEA-nın Elmi İnnovasiyalar və Alternativ Enerji Texnologiyaları üzrə Elmi Şurasının iclasında “Hidrogen energetikası, reallıqlar, problemlər və inkişaf perspektivləri” mövzusunda məruzə ilə çıxış edib. Akademik ölkəmizdə “yaşıl energetika”, tullantısız texnologiyaların istifadəsi və təmiz ətraf mühit probleminin 2021-ci il fevral ayının 2-də elan edilmiş Milli Prioritetlərin tərkib hissəsinə salındığını diqqətə çatdırıb və qeyd edib ki, hidrogen energetikasına diqqətin son illərdə artmasını iqlimin qorunması üçün 12 dekabr 2015-ci ildə qəbul edilmiş Paris razılaşmasının tələblərini reallaşdırmaq və qlobal temperatur artımını 2%-dən aşağı salmaq, karbonsuz enerji daşıyıcılarına, ilk növbədə hidrogenə keçidi təmin etmək, digər tərəfdən isə xarici ölkələrdən karbohidrogen asılılığını azaltmaq məqsədini daşıyır. Akademik çıxışında hidrogen energetikasının inkişafında həlledici problemlərə, onun termokimyəvi, elektrolitik və fotolitik alınma üsullarına, akkumulyasiyasına və nəqlinə böyük miqyaslı infrastrukturun yaradılmasına və s. məsələlərə toxunub.

Bölmənin institutlarında beynəlxalq elmi əlaqələr 2021-ci ildə də davam etdirilib.

AMEA-nın akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda 2015-ci ildə açılmış iki beynəlxalq laboratoriya, İspaniyanın Donostia Beynəlxalq Fizika Mərkəzi (DİPC) ilə birgə Kvant kompütinq və spintronika üçün qabaqcıl mate­riallar və Almaniyanın Berlin Texniki Uni­ver­­siteti, Böyük Britaniyanın Huddersfild Universiteti və Be­larusun Minsk İstilik və Küt­lə Dəyişməsi İnstitutu ilə Neft mən­şəli kaus­tobiolitlərdən alınan na­no­karbon ma­te­­rialları əsasında kata­li­za­tor­ların sinte­zinə və tətbiqinə dair fun­da­men­tal tədqi­qatlar (INTERLABCAT) beynəlxalq labora­to­ri­yaları öz fəaliyyətlərini uğurla davam etdirib, karbohidrogenlərin oksidləşməsində universal katalizator kimi tətbiq olunan nanokarbon katalizatorlarının fundamental aspektləri tədqiq edilib.

Kvant kompütinq və spintronika üçün qabaqcıl mate­riallar laboratori­yasında tədqiqatçılar  tərəfindən topoloji izolyatorlar  xassəli bir sıra birləşmələrin səth və elektron quruluşlarının nəzəri hesablanması və eyni zamanda Avropanın digər elmi mərkəzlərində onların fiziki xassələrinin eksperimental tədqiqi aparılıb. Azərbaycan tədqiqatçıları tərəfindən məqsədyönlü axtarış üçün bu materialların uyğun sistemlərinin kompleks fiziki-kimyəvi, kristalloqrafik, termodinamik tədqiqi aparılıb və onların bəzilərinin monokristalları sonrakı tədqiqatlar üçün  yetişdirilib.

Hesabat ilində Avropa Komissiyasının Horizon 2020” proqramı üzrə akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun qrant layihəsi 2021-ci ildə uğurla davam etdirilib və müasir tədqiqat cihazı alınıb.

Akademik Tofiq Nağıyev 80 illik yubileyi münasibətilə Azərbaycan Respublikasında elmin inkişafında böyük xidmətlərinə görə Şərəf” ordeni və AMEA-nın Fəxri fərmanı ilə təltif olunub. AMEA-nın müxbir üzvü Qüdrət Kəlbəliyev kimya elminin inkişafındakı xidmətlərinə görə və 75 illik yubileyi münasibəti ilə AMEA-nın Fəxri fərmanına layiq görülüb. AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov kimya elminin inkişafındakı xidmətlərinə görə və 70 illik yubileyi münasibətilə AMEA-nın Fəxri fərmanı ilə təltif olunub. AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı isə kimya elminin inkişafındakı xidmətlərinə görə və 70 illik yubileyi münasibətilə AMEA-nın Fəxri fərmanına layiq görülüb.

Akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda “Gənclər üçün Akademik Ə.Quliyev adına mükafat və “Ən yaxşı elmi məruzə müsabiqəsi uğurla keçirilib. Bu dəfə ümummilli lider Heydər Əliyevin anadan olmasının 98 illik yubileyinə həsr olunan gənc alimlərin, doktorant və dissertantların elmə həvəsləndirilməsi məqsədi daşıyan bu müsabiqənin nəticəsində I, II və III yerlər üzrə qaliblər seçilib, diplom və pul mükafatları ilə təltif ediliblər. İnstitutun kiçik elmi işçisi, doktorant Mənsurə Hüseynova “Gənclər üçün Akademik Ə.Quliyev adına mükafat”a layiq görülüb.

AMEA-nın Polimer Materialları İnstitutunun əməkdaşı Hüseynov Şəmsəddin işğal altındakı ərazilərimizin azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirakına, şəxsi igidlik və şücaət göstərdiyinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunub.

Hesabat ilində bölmənin elmi tədqiqat müəssisələrinin gənc alim və mütəxəssislər şuraları da uğurla fəaliyyət göstəriblər.

Hesabat ilində bölmənin elmi müəssisələrində 707 elmi işçi fəaliyyət göstərib, onlardan 96 nəfər elmlər doktoru, 280 nəfər fəlsəfə doktorudur. AMEA-nın Kimya Elmləri Bölməsinin tərkibində 12 həqiqi üzv və 12 müxbir üzv çalışır.

Hazırda bölmənin institutlarında fəlsəfə doktoru hazırlığı üzrə 42 doktorant və 50 dissertant təhsil alır. 19 nəfər magistraturaya qəbul olub. Onlardan 6 nəfəri Neft-Kimya Prosesləri İnstitutuna, 9 nəfəri Kataliz və Qeyri-üzvi Kimya İnstitutuna, 1 nəfəri Aşqarlar Kimyası İnstitutuna və 3 nəfəri Polimer Materialları İnstitutuna qəbul olublar.

AMEA-nın akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda ingilis dilində nəşr olunan “Azerbaijan Chemical Journal” və “Chemical Problems” jurnalları (hər jurnalın ildə 4 nömrəsi çıxır) “Scopus” bazasına daxil edilib. Beləliklə, bölmədə nəşr olunan hər 3 elmi jurnalda çap olunan məqalələr “Web of Science” bazasına daxildirlər.

İnstitutların əməkdaşları tərəfindən hazırlanmış 21 monoqrafiya, kitab və dərslik, 376 məqalə, o cümlədən 233-ü xaricdə çapdan çıxıb, 259 məqalə “Web of Science” bazasına düşən jurnallarda çap olunub. 64 məqalə “Clarivate Analytics” bazasının Q1-Q4 qruplarında yer alıb. Bütövlükdə, hesabat ilində 841 məqalə və tezis işıq üzü görüb ki, onlardan 474-ü xarici ölkələrdə nəşr olunub.

İnstitut əməkdaşlarının elmi işlərinin nəticələri respublikada və xaricdə keçirilən bir sıra beynəlxalq konfrans, konqres və simpoziumların materiallarında öz əksini tapıb.

Hesabatın sonunda mövcud olan problemlər və yaxın gələcəkdə qarşıda duran vəzifələr haqqında məruzəçi öz fikirlərini səsləndirib.

Hesabat dinlənildikdən sonra çıxış ətrafında geniş müzakirələr aparılıb, AMEA-nın Rəyasət Heyəti tərəfindən hesabat qəbul olunub və müvafiq tövsiyələr verilib.