Arxiv
Botanika İnstitutunun əməkdaşı Ukrayna Milli Elmlər Akademiyası M.G. Xolodnı adına Botanika İnstitutunda ezamiyyətdə olub
17.01.2022

AMEA Botanika İnstitutunun “Mikologiya” şöbəsinin kiçik elmi işçisi, Aytac Əliməmmədova Ukrayna Milli Elmlər Akademiyası M.G. Xolodnı adına Botanika İnstitutunun Mikologiya şöbəsində (Kiyev, Ukrayna) 1 ay (01-29 noyabr 2021) müddətinə ezamiyyətdə olub.

Ezamiyyə müddətində A. Əliməmmədova yerinə yetirdiyi dissertasiya işi üzrə Laetiporus sulphureus (Bull.), Phellinus igniarius (L.), Pleurotus ostreatus (Jacq.) P. Kumm. tibbi və qida əhəmiyyətli göbələklərin ekzopolisaxaridlərinin, endopolisaxaridlərinin, ümumi fenol birləşmələrinin miqdarını, antibakterial aktivliyi və miselial inkişaf sürətlərini araşdırılmış, həmçinin yeni metodikalar mənimsənilib və görülən işlər üzrə məqalənin hazırlanması müzakirə edilib.

Tədqiqat işinə cəlb edilən göbələklər UMEA M.G. Xolodnı adına Botanika İnstitutunun Göbələk Kultura Kolleksiyasına (IBK) da depozit edilib. Qeyd edək ki, həmin kolleksiya 1966-cı ildə prof. A.S. Buxalo tərəfindən, yeməli və tibbi əhəmiyyətli göbələklərin biologiyası və biotexnologiyası üzrə fundamental tədqiqatlar və nəsli kəsilməkdə olan, həssas və nadir növlər də daxil olmaqla makromisetlərin genofondunun qorunması məqsədilə yaradılıb. Hal-hazırda Prof. Dr. Nina Biskonun kuratorluq etdiyi göbələk kultura kolleksiyasında 265 növə aid 1340-dan çox ştamm saxlanılır. Kolleksiya, Ukraynada unikaldır və Avropanın ən böyük kultura kolleksiyalarından biri hesab olunur. Ukrayna Nazirlər Kabinetinin qərarına əsasən, 2001-ci ildə Kolleksiya Ukraynanın milli irs obyekti kimi qeydiyyata alınıb.