Yanvarın 27-də Akademiyanın Rəyasət Heyəti aparatında AMEA-nın Elmi İnnovasiyalar və Alternativ Enerji Texnologiyaları üzrə Elmi Şurasının Günəş energetikası üzrə Elmi Şurasının İşçi Qrupunun iclası keçirilib.
İclası giriş sözü ilə şuranın sədr müavini, AMEA-nın birinci vitse-prezidenti v.i.e., akademik Arif Həşimov açaraq bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2021-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş Milli Prioritetin reallaşdırılmasını qarşıya əsas strateji hədəf olaraq qoyub: “Bunlardan birincisi dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyatın təmin edilməsidir. Milli Prioritetlə bağlı sənəddə qeyd edilir ki, Azərbaycanın hərtərəfli inkişafına nail olmaq üçün daxili və xarici təsirlərə qarşı dayanıqlıq gücləndirilməli, makroiqtisadi sabitlik daha da möhkəmləndirilməlidir. Eyni zamanda o da xüsusi olaraq vurğulanır ki, cəmiyyətin dayanıqlı inkişafına yalnız iqtisadiyyatın şaxələndirilməsi ilə nail olmaq mümkündür. Bunun üçün əsas şərtlərdən biri iqtisadiyyatda qeyri-neft sektorunun payının artırılmasıdır. Sənəddə yaxın gələcəkdə qabaqcıl ölkələrdə alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin daha çox artacağı bir daha vurğulanır. Qeyd edilir ki, indiki və gələcək nəsillərin tələbatını dolğun ödəmək məqsədilə ekoloji baxımdan əlverişli olan “yaşıl” texnologiyaların tətbiqi genişləndirilməli, elmi-texniki potensiala əsaslanmaqla iqtisadiyyatın bütün sahələrində alternativ və bərpa olunan enerji mənbələrinin ilkin istehlakda payı artırılmaqla iqlim dəyişikliklərinin təsiri azaldılmalıdır”.
Sonra akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Rauf Qardaşov “Azərbaycanda Günəş enerjisindən səmərəli istifadənin perspektivləri” mövzusunda elmi məruzə ilə çıxış edib.
Mövzu ətrafında geniş müzakirələr aparıldıqdan sonra iclası “Azərenerji” ASC-nin Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunun Enerji sisteminin rejimləri şöbəsinin baş elmi işçisi, Günəş energetikası üzrə Elmi Şuranın İşçi Qrupunun sədri, texnika elmləri doktoru, professor Nəriman Rəhmanov davam etdirərək, Azərbaycan dövlətinin 2030-cu ilədək Bərpa olunan enerji mənbələri əsasında tikintinin layihələndirilməsi və tikinti Planı haqqında geniş məlumat verib.
İclasın sonunda 2022-ci ilin iş planı müzakirə olunub və bir sıra təşkilati məsələlərə baxılıb.
Qeyd edək ki, tədbirdə AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov, həmin müəssisənin ümumi işlər üzrə direktor müavini Şakir Mehdiyev, akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun laboratoriya rəhbəri, kimya elmləri doktoru Akif Əliyev, Radiasiya Problemləri İnstitutunun laboratoriya rəhbəri, fizika-riyaziyyat elmləri doktoru Rəhim Mədətov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Neftin, Qazın Geotexnoloji Problemləri və Kimya Elmi-Tədqiqat İnstitutunun aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Fuad Məmmədov, Energetika Nazirliyinin sektor müdiri Rauf İsmayılov, “Corporate Energies GmbH” şirkətinin direktoru Nazir Ramazanov, Azərbaycan-Norveç Təmiz İstehsalat və Enerji Effektivliyi Mərkəzinin layihələr üzrə meneceri Rüstəm Kərimov və SAİPEM-in Elektrik işlər üzrə kordinatoru Aynur Mahmudova iştirak ediblər.