AMEA-nın Elm Tarixi İnstitutu (ETİ) 8 may 2022-ci il tarixdə Şuşa şəhərinin 270 illiyinə həsr olunan “Azərbaycanın elm və mədəniyyət mərkəzi - Şuşa” mövzusunda beynəlxalq konfrans keçirəcək.
Beynəlxalq konfrans Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Sərəncamına uyğun olaraq təşkil ediləcək. Konfransın məqsədi şəhərin tarixi, görkəmli şəxsiyyətləri, milli-mənəvi və sosial-mədəni irsi, ədəbiyyat, incəsənət, memarlıq, din, fəlsəfə və digər aspektlərdən araşdırılmasıdır.
Konfrans Azərbaycanın mədəniyyət paytaxtı olaraq Şuşa və onun tarixi, Şuşanın Azərbaycan ədəbi irsində yeri, Şuşada incəsənət və memarlıq nümunələri, Şuşada dini-mədəni abidələr, Şuşanın geosiyasi əhəmiyyəti və 44 günlük Vətən müharibəsində qazandığımız zəfər və digər mövzuları əhatə edəcək.
Tədbirə alimlər, elmi işçilər, doktorant və magistrlar məruzə və məqalələr təqdim edə bilərlər. Məqalələr orijinal, heç bir yerdə dərc edilməmiş, 14 “Times New Roman” şrifti, kənarları 2 sm aralıqla, 1.5 intervalla, rus və ingilis dillərində rezüme və açar sözlərlə tərtib edilməlidir.
Məqalələri Azərbaycan, türk, ingilis və ya rus dillərində 1 aprel 2022-ci il tarixinə qədər [email protected] elektron poçt ünvanına göndərə bilərsiz.