Yanvarın 7-də Azərbaycan Milli Elmlər Akademiyası ilə Pakistanın Lahor Dövlət Kollec Universiteti arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində əməkdaşlığın müzakirəsi məqsədilə onlayn görüş keçirilib.
Görüşdə AMEA tərəfindən Rəyasət Heyəti aparatının Elmi-təşkilat idarəsinin rəisi, fizika üzrə fəlsəfə doktoru, dosent Rüstəm Rüstəmov, Beynəlxalq elmi əməkdaşlıq şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Esmira Əlirzayeva və həmin şöbənin baş mütəxəssisi Məlahət Qurbanova, Lahor Dövlət Kollec Universiteti tərəfindən isə Mühəndislik fakültəsi, Riyaziyyat və Fizika Elmləri fakültəsinin dekanı, professor Riaz Əhməd, Kimya və Təbiət Elmləri fakültəsinin dekanı, professor Əhməd Adnan, Botanika bölməsinin sədri, professor Tehreema İftixar, Urdu bölməsinin sədri, professor Saima İram və Akademik Planlama və Xarici əlaqələr üzrə direktor, dosent Hafiz Hayder Ali iştirak ediblər.
Tərəflər təmsil etdikləri təşkilatların strukturu, elmi potensialı, fəaliyyət istiqamətləri, beynəlxalq əlaqələri və əldə edilmiş nailiyyətləri haqqında ətraflı məlumat veriblər. Görüşdə müştərək tədqiqatların həyata keçirilməsi, mükəmməllik mərkəzlərinin yaradılması, kadr və təcrübə mübadiləsi istiqamətində müzakirələr aparılıb. Əməkdaşlığın səmərəli təşkili üçün İşçi qrupun yaradılması və hər iki tərəf üçün maraq kəsb edəcək və prioritet istiqamətləri əhatə edəcək müştərək tədqiqatlar üzrə fəaliyyət planının hazırlanmasına dair təkliflər irəli sürülüb.