Avropa Komissiyasının Horizon Avropa Tədqiqat və İnnovasiya Proqramı üzrə Milli Əlaqələndirici Şəxslər Şəbəkəsinin (MƏŞŞ) koordinatoru, AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyevin rəhbərliyi və AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq elmi əməkdaşlıq şöbəsinin təşkilatçılığı ilə MƏŞŞ üzvləri tərəfindən mütəmadi keçirilən məlumatlandırıcı tədbirlər uğurlu nəticələr verir.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Klinik və elmi tədqiqatlar şöbəsinin və Azərbaycan Tibb Universitetinin (ATU) təşəbbüsü ilə TƏBİB-in elmi-tədqiqat institutları və ATU-nun əməkdaşları üçün təşkil edilmiş vebinarlardan sonra azərbaycanlı alim və mütəxəssislər COST proqramı çərçivəsində həyata keçirilən layihələrdə iştirak hüququ qazanıblar.
K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun əməkdaşları - tibb elmləri doktoru Nailə Rəhimova, tibb üzrə fəlsəfə doktoru Sevinc Nəsirova və ATU-nun II Uşaq xəstəlikləri kafedrasında assistent, tibb üzrə fəlsəfə doktoru Püstə Orucova “Neonatal beyin zədələnmələrinin erkən diaqnostikasında multidisiplinar tədqiqat təsirinin maksimallaşdırılması” mövzusunda layihəyə qoşulublar. Layihədə 10-dan çox ölkənin qabaqcıl qurumlarının mütəxəssisləri iştirak edir.
Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun elmi işçisi Zaur Qasımov isə 30-dan çox ölkədən aparıcı təşkilatının mütəxəssislərini bir şəbəkədə toplayan “Yaşlılarda sübuta əsaslanan fiziki aktivliyin araşdırılması üzrə şəbəkə” üzrə layihədə iştirak üçün qəbul edilib.