Bu gün botanika elmi sahəsində tanınmış alim, “Şöhrət” ordenli, Dendrologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədovun 65 yaşı tamam olur.
Tofiq Sadıq oğlu Məmmədov 10 fevral 1957-ci ildə Naxçıvan MR Ordubad rayonunun Dırnıs kəndində anadan olmuşdur. O, Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun İnşaatçı-mühəndis fakültəsini (1982) bitirmiş, AMEA-nın Botanika İnstitutunun dissertantı olmuşdur (1995-1999).
Azərbaycan SSR EA Botanika İnstitutunun Mərdəkan Dendrarisində baş mühəndis, direktor müavini (1986), direktor vəzifələrində (1996) çalışmışdır. 2014-2021-ci illərdə AMEA-nın Dendrologiya İnstitutunun direktoru olmuşdur. 2021-ci ildən institutun baş direktorudur. O, Bakı Dövlət Universitetinin Botanika və Odlar Yurdu Universitetinin Tibbi biologiya kafedralarının professorudur.
Tofiq Məmmədov 2000-ci ildə botanika üzrə fəlsəfə, 2004-cü ildə biologiya və ekologiya üzrə elmlər doktoru elmi dərəcəsini, 2014-cü ildə profesor elmi adını almışdır. 2007-ci ildən AMEA-nın müxbir üzvüdür.
Alimin elmi fəaliyyətinin əsas istiqamətləri respublikanın müxtəlif ərazilərində ağac və kol bitkilərinin, xüsusən nadir və məhv olmaq təhlükəsində olan növlərin genofondunun qorunub saxlanması, biomüxtəlifliyinin artırılması, təbii еhtiyаtlаrının bərpаsı, düzgün və səmərəli istifаdə еdilməsi üçün iqlim şəraitinə uyğun ağac və kol növlərinin introduksiyasının prioritet istiqamətlərinin müəyyən edilməsi, eləcə də ətraf mühitin mühafizəsi üzrə mühim tövsiyələrin verilməsi olmuşdur. Onun rəhbərliyi və məsləhətçiliyi ilə 2 fəlsəfə və 1 elmlər doktoru hazırlanmışdır.
Tofiq Məmmədov 310-dan çox elmi əsərin, o cümlədən 32 kitab, 276 məqalə, 11 patent, 2 sertifikatın müəllifidir. O, dünyanın bir sıra ölkələrində 50-dən çox beynəlxalq konfrans, qurultay və simpoziumlarda elmi məruzələrlə çıxış etmişdir. “Ekologiya” (2004), “Gülçülük ensiklopediyası” (2006), “Qazon və bəzək memarlığı” (2006), “Ekoloji oyunlar” (2007), “Bitkilərin anatomiyası və morfologiyası üzrə izahlı terminlər” (2013), “Bitki ekologiyası” (2013) kitabları ali məktəblərdə dərs vəsaiti kimi istifadə edilir. “Azərbaycan dendroflorası” beşcildliyində (2011-2019) Böyük və Kiçik Qafqaz ərazilərində bitki genofondunun qorunması, biomüxtəlifliyin artırılması, ətrаf mühitin mühafizəsi, təbii еhtiyаtlаrdаn səmərəli istifаdə еdilməsi və оnlаrın bərpаsı üzrə mühüm nəticələr öz əksini tapmışdır.
Onun təşəbbüsü və səyləri ilə AMEA-nın Dendrologiya İnstitutunda Beynəlxalq Botanika Bağları konfransları (2006, 2010, 2013, 2015, 2017) keçirilmiş, institut Dünya Botanika Bağlarının (2005), Amerika Botanika Cəmiyyətinin üzvü (2009) seçilmişdir.
Tofiq Məmmədov Bolqarıstanın “Poleobotanika” və “Hortus Botanicus” jurnallarının redaksiya şurasının, MDB ölkələri üzrə Botanika Bağlarının, Türkiyə İman Universiteti dərgisinin ekspert şurasının üzvüdür. 2013-2016-cı illərdə AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibinin müavini vəzifəsində çalışmış, büro üzvü olmuş (2016-2019), hazırda bölmənin Elmi şurasının üzvüdür. 2014-2015-ci illərdə AMEA-nın Botanika İnstitutunda Dissertasiya müdafiəsi şurasının üzvü olmuşdur.
2005-ci ildə ekologiya sahəsində “İlin adamı” adı, Bakı Şəhər İcra Hakimiyyətinin Fəxri fərmanı, Qafqaz İctimai Birliyinin “Heydər Əliyev”, Araz Maarifçilik Cəmiyyətinin “Y.H. Məmmədəliyev”, “H. Zərdabi”, “Z. Tağıyev”, “Ş.İ. Xətai” və s. mükafatları, 2 dəfə AMEA-nın Fəxri fərmanı, 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının “Şöhrət” ordeni ilə təltif edilmişdir.
AMEA-nın müxbir üzvü Tofiq Məmmədovu yubileyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, elmi və elmi-təşkilati fəaliyyətində daha böyük uğurlar arzulayırıq.