Şuşa şəhərində “Şuşa şəhərinin və Şuşa rayonunun Daşaltı kəndinin dayanıqlı içməli su təchizatı sisteminin yaradılması ilə bağlı texniki-iqtisadi əsaslandırmanın və ilkin layihə sənədlərinin hazırlanması” məqsədi ilə yaradılmış dövlət komissiyasının ilkin müzakirəsi keçirilib.
Tədbirdə AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev də iştirak edib.
İclasda Şuşa şəhərinin qədim su təchizatı sistemi, onun ermənilər tərəfindən dağıdılması, bərpadan sonra Şuşa şəhərində daima etibarlı və keyfiyyətli suyun təmin olunması, su ehtiyatlarının qiymətləndirilməsi, su təchizatı sistemlərində innovativ texnologiyaların tətbiqi və ətraf mühitə təsirin qiymətləndirilməsi məsələlələri müzakirə edilib. Tədbirin yekununda mövcud su sistemi xətlərinə, dağıdılmış su hovuzlarına baxış keçirilib. Xüsusi axtarış layihə tədqiqat qrupunun köməyi ilə fundamental axtarış işlərinin yerinə yetirilməsi və Şuşa şəhəri üçün daha münasib su mənbələri, ətraf çaylardan istifadə imkanlarının yaradılması qarşıya vəzifə olaraq qoyulub. Şuşada su təchizatının bərpası üçün hər bir təşkilatın vəzifələri müəyyən edilib.
Səfər zamanı nümayəndələr yol boyu işğaldan azad olunmuş ərazilərdə çox möhtəşəm quruculuq işlərinin şahidi olublar.