Arxiv
Dendrologiya İnstitutunda Rosa L. cinsinə aid 64 növün olduğu müəyyən edilib
17.02.2022

AMEA-nın Dendrologiya İnstitutunda Azərbaycanın nadir, nəsli kəsilməkdə olan ağac-kol bitkiləri araşdırılıb. İlk aparılan tədqiqatlarda müəyyən olunub ki, istər son, istərsə də əvvəlki “Qırmızı kitab”da qeyd olunan növlərlə yanaşı, bir çox yeni növlər də artıq nadir, nəsli kəsilməkdə olan bitkilər siyahısına aid edilir. Beləliklə, tədqiqatlar nəticəsində Azərbaycanda nadir və nəsli kəsilməkdə olan 189 yeni növ ağac-kol bitkisi aşkar edilib.
Dendrologiya İnstitutunda Rosa L. cinsinə aid 64 növün olduğu müəyyən edilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, hazırda Azərbaycanda vaxtilə 40 növü olduğu müəyyən edilən Rosa L. cinsinə aid 64 növün olduğu müəyyən edilib. Son araşdırmalar zamanı məlum olub ki, bir çox Rosa L. cinsinə aid olan növ “Qırmızı kitab”a, o cümlədən nadir, nəsli kəsilməkdə olan bitkilər siyahısına aid edilməyib. Həmin bitkilər məhz Azərbaycanın görkəmli alimləri tərəfindən ilk dəfə ölkəmizdə aşkar edilib. Onların arealı ancaq Azərbaycandır. İnstitutun əməkdaşları 9 yeni növü “Qırmızı kitab”a, 25 növü isə nadir, nəsli kəsilməkdə olan bitkilər siyahısına aid olmaqla ümumilikdə 34 növ müəyyən ediblər.
Dendrologiya İnstitutu keçən il “Azərbaycanda itburnu cinsi növləri təbii və mədəni şəraitdə” kitabını nəşr etdirib. Bununla yanaşı, ötən il “Abşeron florasının taksonomik spektri” kitabının I cildi üzərində işlər aparılır. Kitabın 8 cilddə olacağı nəzərdə tutulur. Həmçinin institut əməkdaşları tərəfindən iqlim dəyişkənliyinin biomüxtəlifliyə təsiri istiqamətində geniş tədqiqatlar aparılır.