Arxiv
Botanika İnstitutu əməkdaşlığa dair memorandum imzalayıb
17.02.2022

AMEA Botanika İnstitutu və Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Milli Aerokosmik Agentliyinin Ekologiya İnstitutu arasında əməkdaşlığa dair memorandum imzalanıb. Botanika İnstitutunun baş direktoru, b.e.d., professor Səyyarə İbadullayeva və Müdafiə Sənayesi Nazirliyi Milli Aerokosmik Agentliyinin Ekologiya İnstitutunun direktoru, professor Bəhram Əliyev tərəfindən imzalanan memorandumda qarşılıqlı və faydalı əməkdaşlığa əsaslanan elmi-tədqiqat işlərinin həyata keçirilməsi, biomüxtəlifliyin öyrənilməsi üzrə müştərək layihələrin təşkili, innovativ məhsulların yaradılması və kadr mübadiləsi nəzərdə tutulub.

Anlaşma memorandumuna əsasən, Azərbaycanın, xüsusilə işğaldan azad olunmuş ərazilərdə biomüxtəlifliyinin taksonomik tərkibinə təbii və antropogen prosseslərin təsirinin, meşə ehtiyatlarının müəyyənləşdirilməsi, peyk şəkilləri və GİS texnologiyalarından istifadə etməklə meşələrin məhv edilməsi surətinin təyini, meşə fondunun tərkibində mövcud dəyişiklikləri nəzərə almaqla bərpa prossesinin vahid prinsiplərinin işlənib hazırlanması istiqamətində işlər görüləcək. Əməkdaşlıq çərçivəsində elmi-tədqiqat və təcrübi-sınaq işlərinin yerinə yetirilməsində mütəxəssislər, doktorantlar və dissertantlar aktiv iştirak edəcəklər.