Arxiv
“Qırmızı Kitab”ın III nəşrinin hazırlanması üzrə işçi qruplarının toplantısı keçirilib
22.02.2022

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun akt zalında Azərbaycan Respublikasının “Qırmızı Kitab”ının III nəşrinin hazırlanması üzrə AMEA-nın işçi qruplarının toplantısı keçirilib.

AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynovanın sədrliyi ilə hibrid formatda baş tutan tədbirdə AMEA-nın Botanika, Zoologiya, Dendrologiya institutlarının və Mərkəzi Nəbatat Bağının alim və mütəxəssisləri, o cümlədən, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov, biologiya elmləri doktoru, professor Səyyarə İbadullayeva, biologiya elmləri doktorları, professorlar Elman İskəndər, Elşad Əhmədov, Aydın Əsgərov, eləcə də AMEA-nın Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun baş elmi işçisi, akademik Tariyel Talıbov, Bakı Dövlət Universitetinin kafedra müdiri, AMEA-nın müxbir üzvü Elşad Qurbanov, Gəncə Dövlət Universitetinin kafedra müdiri, AMEA-nın müxbir üzvü Vaqif Novruzov və başqaları iştirak ediblər.

Toplantını giriş sözü ilə açan akademik İradə Hüseynova yeni nəşrlə bağlı ardıcıl və məqsədyönlü fəaliyyətlərə 2019-cu ildə başlanıldığını bildirib, ötən dövrdə III nəşrin AMEA üzrə Redaksiya heyəti, işçi qrupları, elmi müəssisələr və alimlər tərəfindən görülmüş müvafiq işlər, elmi və elmi-təşkilati tədbirlər haqqında iştirakçıları məlumatlandırıb.

İ. Hüseynova qeyd edib ki, 2021-ci ildə “Qırmızı kitab”ın III nəşrinin hazırlanması üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri ilə birgə Botanika İnstitutu, Mərkəzi Nəbatat Bağı, Dendrologiya İnstitutu və Zoologiya İnstitutu tərəfindən tədqiqatlar təşkilatların mövzu planlarının icrası üçün ayrılmış büdcə vəsaitləri hesabına aparılıb.

Sonra akademik İradə Hüseynova qeyd edilən tədqiqatlardan alınmış nəticələri təqdim etmək üçün sözü Botanika İnstitutunun baş direktoru, biologiya elmləri doktoru, professor Səyyarə İbadullayevaya və Zoologiya İnstitutunun icraçı direktoru, biologiya elmləri doktoru, dosent Elşad Əhmədova verib.

Məruzələrdən sonra müzakirələr aparılıb, gələcək fəaliyyət istiqamətləri dəqiqləşdirilib, perspektivlərdən və problemlərdən danışılıb, onların həlli ilə bağlı çoxsaylı təkliflər səsləndirilib. Akademik Tariyel Talıbov, AMEA-nın müxbir üzvləri Elşad Qurbanov, Tofiq Məmmədov, Vaqif Novruzov, biologiya elmləri doktoru, professor Səyyarə İbadullayeva, biologiya elmləri doktoru, professor Elman İskəndər, biologiya elmləri doktoru Aydın Əsgərov, biologiya elmləri doktoru, dosent Elşad Əhmədov, biologiya elmləri doktoru, dosent Dilzarə Ağayeva, biologiya elmləri doktoru, dosent Naibə Mehdiyeva, biologiya üzrə fəlsəfə doktoru, dosent Pərvanə Qaraxani, aqrar elmlər üzrə fəlsəfə doktoru Ələddin Eyvazov, Natiq Allahverdiyev və digər iştirakçılar çıxış edərək məsələlərə öz münasibətlərini bildiriblər.

Müzakirələrə yekun vuran akademik İradə Hüseynova tədbirin və bundan sonra atılacaq addımların əhəmiyyətindən danışıb, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri ilə daimi məsləhətləşmələrin keçiriləcəyini diqqətə çatdırıb, mövcud planların icrasının intensivləşdirilməsi istiqamətində tövsiyə və tapşırıqlarını verib.

Sonda müvafiq işçi qruplarının toplantılarının mütəmadi keçirilməsi qərara alınıb.