AMEA-nın Botanika İnstitutunun Mikologiya şöbəsinin əməkdaşı Yaqut Yusifova Pakistanın Karaçi şəhərində COMSTECH-in dəsətəyi ilə keçirilən Üzvi kimya üzrə 15-ci beynəlxalq simpoziumda iştirak edib.
Tədbirdə Pakistanın Baş nazirinin Elm və Texnologiya üzrə İşçi Qrupunun sədri, professor Dr. Atta-ur-Rehman, COMSTECH-in baş koordinatoru Professor Dr. M. İqbal Çoudhari, həmçinin Türkiyədən, Şri-Lankadan, Misirdən, Almaniyadan, Britaniyadan, İrandan, Pakistandan, Çindən tanınmış professorlar simpoziumda Metal əsaslı xərçəng əleyhinə agentlər haqqında, haloxylon nanotibbdə xərçəng əleyhinə müalicədə istifadəsi, vərəm, diabet, epilepsi əleyhinə dərmanların strukturu, leyşmaniya əleyhinə təbii məhsullar, yeni kristallik quruluşlu bioloji fəal maddələr haqqında mühazirələr oxuyublar. Y. Yusifova “Yabanı inkişaf edən göbələklərin bioloji aktiv maddələrinin TLC ilə ilkin qiymətləndirilməsi” adlı tədqiqat işi üzrə posterlə çıxış edib.