Arxiv
BMT-nin AGRIS bazasında ilk dəfə olaraq Azərbaycanın elmi jurnalı indeksləşdirilib
28.03.2022

AMEA-nın “Genetik Ehtiyatlar İnstitutunun elmi əsərləri” (ISSN 2223-5817, Online - 2790-7988) Azərbaycanın ilk elmi jurnalı olaraq BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Aqrar Elm və Texnologiya üzrə Beynəlxalq Sistemində (AGRIS) indeksləşdirilib və xüsusi identifikasiya kodu alıb.

AGRIS kənd təsərrüfatı elmi və texnologiyası üzrə 12 milyondan çox strukturlaşdırılmış biblioqrafik qeydləri olan qlobal ictimai məlumat bazasıdır, biologiya və aqrar elmləri sahəsində dünyanın əsas informasiya bazalarından biri hesab edilir. AGRIS 1974-cü ildən fəaliyyətə başlayıb və bazaya 65 ölkədən 150-dən çox iştirakçı qurumlar, akademik institutlar, nəşriyyatlar, dövlət orqanları, milli və beynəlxalq təşkilatlar tərəfindən informasiyalar daxil edilir. AGRIS-in imkanlarından dünya üzrə 400 mindən çox tədqiqatçı və mütəxəssis istifadə edir.  AGRIS axtarış sistemi alimlərə, tədqiqatçılara və tələbələrə AGROVOC bazasından, xüsusi jurnal başlıqlarından və ya ölkələrin, qurumların və müəlliflərin adlarından, açar sözlərdən istifadə edərək mürəkkəb axtarışlar aparmağa imkan verir.

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası biologiya və aqrar elmləri sahəsi üzrə AGRIS bazasını beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə (bazalar) aid edir və bu bazada indeksləşən jurnallarda çıxan məqalələr beynəlxalq məqalə kimi qəbul olunur.