Arxiv
Akademik Arif Həşimov AMEA-nın gənc alimləri ilə görüşüb
12.04.2022

Aprelin 8-də AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimov Akademiyanın elmi müəssisə və təşkilatlarının Gənc Alim və Mütəxəssislər şuralarının sədrləri ilə görüşüb.

Tədbiri akademik Arif Həşimov açaraq bundan öncə AMEA-nın elmi bölmələrinin nümayəndələri ilə Azərbaycan elminin dayanıqlı inkişafının təmin edilməsi üçün qarşıda duran vəzifələrin müzakirəsi məqsədilə görüşlərin keçirildiyini, səsləndirilmiş təkliflər əsasında Rəyasət Heyəti tərəfindən müvafiq qərarın qəbul edildiyini və artıq bu istiqamətdə müəyyən işlərin həyata keçirilməyə başlanıldığını söyləyib.

Akademik Arif Həşimov qeyd edib ki, Azərbaycanda elmi biliklərin qədim və zəngin ənənələri vardır. Ölkəmiz  keçmiş SSRİ dövründə neft, qaz, kimya və digər sahələrdə aparılan tədqiqatların əsas elmi mərkəzlərindən biri olub və Azərbaycan elmində əldə olunan nailiyyətlər daim bütün dövlərdə yüksək qiymətləndirilib. Akademikin sözlərinə görə, ötən müddət ərzində alimlərimiz tərəfindən Azərbaycanda bir çox elmi məktəblər yaradılıb və cəmiyyətimizin inkişafına töhfə verən kadrlar yetişdirilib. Hazırda da AMEA-nın güclü kadr potensialının olduğunu diqqətə çatdıran akademik Arif Həşimov perspektivli müasir gənclərin hesabına elmi məktəblərimizi, kadr potensialımızı qoruyub saxlamağın və inkişaf etdirməyin əhəmiyyətini vurğulayıb.

Bu gün cəmiyyət tərəfindən Akademiyada tətbiqi xarakterli işlərin genişləndirilməsinə tələbatın olduğunu deyən AMEA rəhbəri gələcəkdə aparılacaq tədqiqatların sənayenin, kənd təsərrüfatının, iqtisadiyyatın müxtəlif sahələrinə tətbiqinin zəruriliyini bildirib.

Akademik gəncləri bu istiqamətdə təşəbbüskarlığı ələ almağa, AMEA-da tətbiq işlərinin həyata keçirilməsində aktiv olmağa çağırıb.

Sonra çıxış edən AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru Elmir Babayev gənclərin elmi, elmi-təşkilati fəaliyyətində mövcud problemlərini əks etdirən bir sıra məsələlərə toxunub. O, gənclərin elmə həvəsinin artırılması məqsədilə il ərzində elmi, elmi-təşkilati fəaliyyətində fərqlənən gənclərin stimullaşdırılması üçün AMEA-nın mükafatının təsis edilməsini təklif edib. Qrant layihələrində iştirak kimi məsələlərin şuranın prioritet istiqamətlərindən biri olduğunu deyən E.Babayev bu gün AMEA-nın gənc alimlərinin Elmin İnkişafı Fondu, SOCAR-ın Elm Fondu və Azərbaycan Respublikasının Gənclər Fondunun qrant proqramlarında geniş iştirak etdiyini, lakin beynəlxalq qrantlarda işin qənaətbəxş səviyyədə olmamasını  söyləyib. Onun sözlərinə görə, bu istiqamətdə problemlərin həlli üçün AMEA-nın Rəyasət Heyəti aparatının Elmi-təşkilat idarəsinin və Beynəlxalq elmi əməkdaşlıq şöbəsinin dəstəyi və təşkilatçılığı ilə gənclər üçün maarifləndirici seminarlar keçirilib.

O, həmçinin elmi konfranslar, simpoziumlar, təcrübə proqramları hesabına gənclərin beynəlxalq əlaqələrinin genişləndirilməsi, potensiallı gənclərin erkən dövrdə aşkar edilməsi, onların elmi, elmi-təşkilati qabiliyyətlərinin inkişaf etdirilməsi və məsul postlar üçün hazırlanması, sosial mühitin balanslaşdırılması üçün regionlarda elmin inkişafı və s. təkliflərini səsləndirib.

Tədbirdə, həmçinin Dendrologiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Sona Quluzadə, İnformasiya Texnologiyaları İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Aysən Fərəcova, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Gənc Alim və Mütəxəssislər Şurasının sədri Dilbər Hüseynova, Respublika Seysmoloji Xidmət Mərkəzinin Gənc Alim və Mütəxəssislər Şurasının sədri Afaq Ağazadə, Riyaziyyat və Mexanika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, mexanika üzrə fəlsəfə doktoru Pərviz Müseyibli, Fizika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Behbud İbrahimov, Şərqşünaslıq İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayev və Genetik Ehtiyatlar İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının elmi katibi Jalə Nəsibova çıxış edərək təkliflərini və problemlərini səsləndiriblər.

Təkliflərdə müasir avadanlıqlardan istifadə etməklə özünümaliyyələşdirmə imkanlarının genişləndirilməsi, məktəblərdə, liseylərdə görüşlər keçirərək istedadlı kadrların elmə yönləndirilməsi, region məktəblərində seysmoloji maarifləndirmə işlərinin həyata keçirilməsi, yerli qrant verən təşkilatların sayının artırılması, doktoranturadan xarici dil imtahanına hazırlaşmaq üçün Akademiyanın dəstəyi ilə ingilisdilli müəllimlərin cəlb edilməsi, AMEA əməkdaşlarına Dövlət İmtahan Mərkəzinin doktorantura imtahanları üçün ödənişlərə köməyin göstərilməsi, ərəb və fars dillərinin doktorantura və dissertantura üzrə minimum imtahanlarına daxil edilməsi, gənclərin təcrübə keçmək üçün xaricə göndərilməsi, epiqrafiya sahəsində kadrların yetişdirilməsi və s. qeyd olunub.

Qeyd olunan təkliflərə münasibətini bildirən AMEA-nın Rəyasət Heyəti aparatının Beynəlxalq elmi əməkdaşlıq şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva qeyd edib ki, gənclərin xaricdə təcrübə keçmələri üçün bir çox proqramlar mövcuddur və hər ay onlar barədə məlumatlar AMEA-nın elmi müəssisə və təşkilatlarına göndərilir. Esmira Əlirzayeva hazırda mövcud proqramlar sırasında İslam İnkişaf Bankının (İİB) geniş imkanlar açdığını və AMEA-nın bir neçə gənc əməkdaşının İİB-nin maliyyə dəstəyi əsasında doktorantura, post-doktorantura təhsili aldığını söyləyib. O, həmçinin müvafiq dövlət orqanlarının rəyi əsasında xaricdə doktorantura təhsili almağa gedən gənclərin iş yerlərinin və əməkhaqlarının saxlanılacağını diqqətə çatdırıb.

Bundan əlavə, Avropa Komissiyasının Tədqiqat və İnnovasiya Proqramı olan “Horizon Avropa” barədə məlumat verən Esmira Əlirzayeva Azərbaycan alimlərinin tədqiqatlarına xaricdə geniş marağın olduğunu, beynəlxalq konsorsiuma daxil olmaqla alimlərimizin xarici həmkarları ilə birgə “Horizon Avropa” Proqramı çərçivəsində neft-qaz, yer elmləri, folklorşünaslıq, şərqşünaslıq və digər sahələrdə araşdırmalar apara biləcəklərini vurğulayıb, gəncləri rəhbərlik etdiyi şöbə ilə sıx əməkdaşlığa çağırıb.

Daha sonra çıxış edən AMEA-nın Rəyasət Heyəti aparatının Elmi-təşkilat idarəsinin rəisi, fizika üzrə fəlsəfə doktoru, dosent Rüstəm Rüstəmov qeyd olunan təkliflərin həyata keçirilməsi, avadanlıqlardan birgə istifadə və gənclərin müştərək tədqiqatlar aparması üçün AMEA-da Gənclərin İnnovativ Mərkəzinin və yaxud Gənclərin Mükəmməllik Mərkəzinin yaradılmasını təklif edib.

Sonda çıxış edən akademik Arif Həşimov səsləndirilən təkliflərin ümumiləşdirilərək AMEA Rəyasət Heyətinə təqdim olunmasını tövsiyə edib, gənclərlə görüşlərin mütəmadi olaraq davam etdiriləcəyini söyləyərək onlara fəaliyyətlərində uğurlar arzulayıb.