Arxiv
“Qarabağın Qırmızı Kitabı” hazırlanacaq
12.04.2022

“Həm Botanika İnstitutunda, həm də Genetik Ehtiyatlar İnstitutunda “Qarabağın nadir və itmək təhlükəsi olan bitkiləri” mövzusunda tədqiqatlar aparılır. Bu ərazidə ən azı 800-dən çox nadir ali bitki növü var”.

Bunu AMEA Botanika İnstitutunun “Sistematika və biomüxtəliflik” şöbəsinin müdiri, biologiya elmləri doktoru Aydın Əsgərov APA-ya müsahibəsində deyib.

“Biz bunları fond materialları, herbarilər əsasında müəyyən etmişik. Mən 80-ci illərdə AMEA Botanika İnstitutunda Sistematika və Herbari şöbəsinə rəhbərlik edərkən Qarabağa və Azərbaycan-Ermənistan sərhədinə çox saylı ekspedisiyalar təşkil etmişəm. Həmin ərazilərdə rast gəlinən nadir bitkilər “Qarabağ və Gəncəbasar” adlı monoqrafiyada və mənim “Azərbaycanın Bitki Aləmi” kitabımda təhlil edilib. Hazırda onlardan 250-nin itmə təhlükəsində olması dəqiqləşdirilib. Bunların siyahısını hazırlamışıq. Onların bəzilərini “Qırmızı kitab”ın III nəşrinə sala bilmirik. Belə qərara alınıb ki, bu nəşrə, əsasən bizim məlumatımız olan bir neçə növ salınsın. Yaxın gələcəkdə “Qarabağın Qırmızı Kitabı”nın ayrılıqda hazırlanması nəzərdə tutulub. Minaların təmizlənməsindən sonra bu proses daha da sürətlənəcək. “Qarabağın Qırmızı Kitabı”na bəzi tülpan növləri, süsən və zümrüd çiçəyi kimi itmək təhlükəsi olan bitkilər salınacaq. Xarı bülbül də bu kitabda yer alacaq”, - Aydın Əsgərov qeyd edib.