Arxiv
Elmi nəşrlərlə bağlı müasir çağırışlar və ekosistemin yaradılması məsələləri müzakirə edilib
21.04.2022

Aprelin 19-da ADA Universitetində “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması ilə əlaqədar 2022-ci il üzrə Yol Xəritəsi”nin təqdimatına dair tədbir keçirilib. Məqsəd Yol Xəritəsində qeyd edilən tədbirlərin vahid və əlaqələndirilmiş şəkildə həyata keçirilməsi, qarşılıqlı müzakirəsi və ictimai məlumatlılığı təmin etmək olub.

Tədbirdə Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Katibliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası, Əqli Mülkiyyət Agentliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf Fondunun, eyni zamanda müxtəlif universitetlərin, beynəlxalq bazalarda indekslənən Azərbaycan jurnallarının, özəl şirkətlərin nümayəndələri və müstəqil ekspertlər iştirak ediblər.

Tədbirdə vurğulanıb ki, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın sədri tərəfindən cari ilin mart ayında təsdiq edilmiş Yol Xəritəsi elmi nəşrlərlə bağlı mövcud resurs və müxtəlif sektorları əhatə edən təşəbbüs paketləri əsasında hazırlanıb.

Bildirilib ki, Yol Xəritəsinin icrası çərçivəsində elmi potensialın inkişafı üzrə prioritetlərin reallaşmasında dövlət qurumları ilə yanaşı, özəl sektor nümayəndələrinin, vətəndaş cəmiyyəti institutlarının, elm və təhsil müəssisələrinin aktiv və koordinasiyalı iştirakı ilə vahid sinerjinin yaradılması olduqca əhəmiyyətlidir.

Bu sahədə qəbul edilən Dövlət proqramları və bu gün təqdimatı keçirilən Yol Xəritəsi çərçivəsində elmin inkişafının təşviqinin önəmi xüsusilə vurğulanıb. Təşviq mexanizmlərinin genişləndirilməsi, özəl sektor tərəfindən araşdırma və təkmilləşdirmələrə investisiya qoyuluşunun artırılması Azərbaycanın qlobal dəyər zəncirinə qoşulmasının sürətləndirilməsinə özünəməxsus təkan verəcəkdir.

Xatırladaq ki, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “Texnologiya və innovasiyalar” İşçi qrupunun nəzdində fəaliyyət göstərən “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması üzrə” altqrupuna rəhbərliyi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi həyata keçirir.

Sözügedən tədbirdə AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimov da çıxış edib. Aşağıda həmin çıxışın mətnini təqdim edirik:

Əziz həmkarlar,

Mən də hamınızı Azərbaycan Milli Elmlər Akademiyasının çoxsaylı kollektivi adından, şəxsən öz adımdan salamlayıram.

Müzakirəsinə toplaşdığımız təqdimat elm və təhsil sahəsində beynəlxalq əlaqələrin inkişafı, ümumən respublikada elmi fəaliyyət sahəsində müasir zamanın tələblərindən irəli gələn kompleks tədbirlərin həyata keçirilməsi baxımından olduqca aktual bir məsələyə həsr olunmuşdur və maraqlı müzakirələr üçün imkan yaradır.

Təbiidir ki, hər bir ölkə üçün müxtəlif parametrlər üzrə beynəlxalq reytinqlərdə mövqe həmin ölkənin sosial-iqtisadi və mədəni-mənəvi inkişafının əsas göstəricilərindəndir. Xüsusən hazırkı şəraitdə, Qarabağda tarixi Zəfərdən sonra Azərbaycanın beynəlxalq aləmdə və regionda nüfuzunun əhəmiyyətli dərəcədə yüksəldiyi bir vaxtda beynəlxalq reytinq göstəricilərində də mövqeyin yaxşılaşdırılması xüsusi əhəmiyyətə malikdir. Bu istiqamətdə son illər ərzində Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın və onun müxtəlif sahələri əhatə edən işçi qruplarının fəaliyyəti təqdirəlayiqdir.

Komissiya tərkibində fəaliyyət göstərən 2 işçi qrupun – Təhsil Nazirliyinin rəhbərlik etdiyi “İnsan kapitalı” və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Mərkəzinin rəhbərlik etdiyi “Texnologiya və innovasiya” işçi qruplarının fəaliyyəti AMEA-nın ümumi fəaliyyət istiqamətləri ilə bilavasitə əlaqəlidir və hesab edirik ki, bu işçi qruplarında Akademiyanın təmsil olunması, məsələlərə münasibətdə onun mövqeyinin, rəy və təkliflərinin nəzərə alınması ümumi işin xeyrinədir.

Təqdimatına toplaşdığımız Yol Xəritəsi “Texnologiya və innovasiya” işçi qrupunun müvafiq altqrupunun uzunmüddətli gərgin və peşəkar əməyi sayəsində hazırlanmış və onun əhəmiyyəti yalnız ölkənin beynəlxalq reytinqlərdə mövqeyinin yüksəldilməsi baxımından deyil, bütövlükdə ölkənin sosial-iqtisadi inkişafı baxımından əhəmiyyətlidir.

Yerli elmi nəşrlərin beynəlxalq nüfuzlu jurnallarda yayımlanmasının təşviq olunması və dəstəklənməsi, mövcud nəşrlərin beynəlxalq standartların tələblərinə uyğun olaraq təkmilləşdirilməsinə xidmət edən tədbirlərin müəyyənləşdirilməsi beynəlxalq elmi əməkdaşlıq əlaqələrinin mühüm bir seqmenti olaraq bütövlükdə elmin və təhsilin inkişafına xidmət edir.

Elmi nəşrlər həm Azərbaycan elminin dünya elminə inteqrasiyası, həm də Azərbaycanın qədim və zəngin tarixi, mədəniyyəti, ədəbiyyatı, müasir inkişaf səviyyəsi və potensialı haqqında əsaslandırılmış məlumatların dünyaya çatdırılması baxımından son dərəcə əhəmiyyətlidir. Digər tərəfdən, hər bir elmi nəşr, xüsusən elmi jurnal onu nəşr edən elmi müəssisənin dövlət və cəmiyyət qarşısında hesabatıdır və həmin müəssisənin elmi kadr potensialını, elmi tədqiqatlarının səviyyəsini əks etdirir.

Təqdim olunan Yol Xəritəsində icrası nəzərdə tutulan tədbirlər 5 istiqamətdə ümumiləşdirilmişdir.

Birincisi, qlobal elmi məkana inteqrasiya. Burada, əsasən, respublikanın elm və təhsil müəssisələrinin və onların elmi nəşrlərinin beynəlxalq elmi mühitə inteqrasiyası üzrə müvafiq tədbirlər yer almışdır. Müəyyənləşdirilən tədbirlər ümumən qənaətbəxşdir.

Nəşrlərin beynəlxalq məkana inteqrasiyası ilə bağlı mühüm tədbirlərdən biri də dünyanın nüfuzlu elmi mərkəzlərində milli kadrların fəaliyyətinin təşkili və şərikli elmi məqalələrin hazırlanmasıdır. Bu istiqamətə də diqqət ayrılmalıdır.

İkinci istiqamət elmi əqli potensialın gücləndirilməsi ilə bağlıdır. Bu istiqamət, əsasən, müxtəlif aidiyyəti sahələr üzrə peşəkar vərdişlərin artırılmasını, yüksəkixtisaslı kadr hazırlığını, stimullaşdırıcı tədbirləri, avadanlıq təminatını, elmi məktəblərin fəaliyyətini, elmi şəxsiyyət amilini və başqa amillərdən asılı olan kompleks tədbirləri nəzərdə tutur. Vərdişlər və səriştələr elmi ənənələrə əsaslanan, güclü elmi məktəblərin olduğu mühitdə daha sürətlə aşılanır. Dünyanın müxtəlif ölkələrinin təcrübəsi, həmçinin Azərbaycan elminin tarixi sübut edir ki, hər hansı bir elmi istiqamət üzrə nüfuzlu alim şəxsiyyətinin olması tədqiqatçılıq vərdişlərinin aşılanmasında müstəsna rol oynayır. Bu amil də nəzərə alınmalıdır.  

Üçüncü istiqamət təşviq mexanizmlərinin formalaşdırılmasıdır. Burada, adından da göründüyü kimi, stimullaşdırıcı tədbirlər nəzərdə tutulur. Bu, olduqca mühüm məsələdir. Bu məsələyə də kompleks yanaşmaq lazımdır. Hesab edirik ki, əsas tədbirlərdən biri elmin cəmiyyətdə nüfuzunun qorunub saxlanılması olmalıdır. Şübhəsiz ki, burada maliyyələşmə ilə bağlı məsələ də xüsusən əhəmiyyətlidir. Yeri gəlmişkən, beynəlxalq reytinq indekslərinin bir qismi elə bilavasitə bu məsələlərlə bağlıdır.

Dördüncü istiqamət dövlətin elmi fəaliyyət sahəsində hədəflərinin müəyyənləşdirilməsi haqqındadır. Dövlətin elmi fəaliyyət sahəsindəki siyasətinin müəyyənləşdirilməsi ölkənin tarixi inkişaf özəlliklərindən tutmuş bugünkü dövlət maraqlarına qədər müxtəlif amillərdən asılı olduğu üçün bu müəyyənləşməyə yalnız kiçik bir seqmentə nəzərən yanaşılması doğru olmazdı. 2009-2015-ci illərdə Elmin İnkişafı ilə bağlı Milli Strategiyada AMEA aidiyyəti dövlət qurumları ilə birlikdə dövlətin elmi fəaliyyət sahəsində əsas siyasi vektorlarını müəyyənləşdirmişdir. Əlbəttə, bu məsələyə də kompleks olaraq yanaşılması zəruridir.

Beşinci istiqamət elmi nəşrlərin beynəlxalq standartlara uyğunlaşdırılmasıdır. Həqiqətən də bu istiqamətdə ciddi problemlər vardır. Lakin burada iki məsələ bir-birindən əsaslı şəkildə fərqləndirilməlidir. Bir var texniki standartlar, bir də var məzmun, semantika standartları. Bu gün Azərbaycan aliminin əsas vəzifəsi yaxşı elmi məqalə yazmaq olmalıdır. Məhz buna nail olmaq lazımdır. Bu “yaxşı” anlayışında ifadə olunan keyfiyyət effekti çoxparametrlidir, müxtəlif elm sahələri üçün müxtəlif meyarları özündə birləşdirir və əsasən məzmunla bağlıdır.

Hörmətli tədbir iştirakçıları,

Burada bu istiqamətdə fəaliyyət göstərəcək işçi qrupun nümayəndələri olduğunu nəzərə alaraq, bir neçə qeydlərimizi də diqqətinizə çatdırmaq istərdik. İlk növbədə ana dilində elmi nəşrlərin səviyyəsinin yüksəldilməsi. XX əsrin əvvəllərindən başlayaraq, az bir müddət ərzində güclü bir Azərbaycandilli elmi ədəbi dil, terminoloji sistem, elmi kateqoriya və anlayışlar sistemi formalaşmışdır. Bu, milli sərvətdir, qorunub saxlanılmalı və müasir tələblər səviyyəsində inkişaf etdirilməlidir. Elmi nəşrlərlə bağlı siyasət, bu siyasətin həyata keçirilməsi üzrə tədbirlər elə qurulmalıdır ki, ən müasir beynəlxalq elmi informasiyalar daha çox Azərbaycan milli elm sisteminin inkişafına xidmət etsin, nəinki bizim elmi nəticələrimiz qeyd-şərtsiz beynəlxalq elmi mühitə axmış olsun. Yəni milli elmimizin sistem bütövlüyü və milli maraqlara uyğun qurulması digər açıq sistemlərlə kontakt məqamlarında qorunub saxlanılmalıdır.

Elm vahid sosial fəaliyyət sistemidir. Onun müxtəlif istiqamətləri bir-biri ilə qarşılıqlı əlaqədədir. Burada vacib olan strateji hədəfin dəqiq müəyyənləşdirilməsidir. Məsələn, konkret müzakirə olunan məsələ üzrə: bizim milli elmi inkişaf etdirməkdə məqsədimiz yalnız beynəlxalq miqyasda ölkənin reytinqinin yüksəldilməsidirmi? Yoxsa, beynəlxalq elmi inteqrasiyada əsas məqsədimiz milli elmi inkişaf etdirməkdir?

Təbiidir ki, istənilən prizmadan yanaşdıqda, bizim əsas məqsədimiz milli elm və təhsil sistemimizi müasir tələblər səviyyəsində inkişaf etdirməkdir. Məhz bu məqsədlə Akademiyada “2022-2030-cu illər üzrə elmin dayanıqlı inkişafı üzrə Milli Strategiya”nın hazırlanması prosesi gedir. Biz bu istiqamətdə aidiyyəti qurumları da əməkdaşlığa cəlb etmək fikrindəyik.

Bir xüsusi məsələyə də toxunmaq istərdim. Hamıya yaxşı məlumdur ki, ölkənin hərbi və milli təhlükəsizliyinin təmin edilməsi üçün xüsusi təyinatlı məhsulların istehsalı ilə bağlı araşdırmalar mühüm əhəmiyyətə malikdir. Bu istiqamətə Akademiyada müvafiq dövlət orqanları ilə qarşılıqlı əməkdaşlıq şəraitində işlər həyata keçirilməkdədir. Məncə, elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərində mövqenin yaxşılaşdırılması ilə bağlı tədbirlər həyata keçirilərkən elmi informasiya təhlükəsizliyi ilə bağlı risk amili və onun aradan qaldırılması istiqamətində tədbirlər xüsusi olaraq nəzərə alınmalıdır. AMEA-nın təbiət və texnika sahəsində bir sıra elmi müəssisələrində bu istiqamətdə işlər həyata keçirilir. Həmin tədqiqatlarla bağlı nəticələrin beynəlxalq elmi mühitə inteqrasiyası nəinki yolverilməzdir, hətta təhlükəsizlik baxımından böyük riskdir. İnteqrasiya yaxşı amildir, lakin dövlət maraqları hər şeydən daha üstündür.

Sonda Yol Xəritəsinin hazırlanmasında əməyi keçən hər bir kəsə təşəkkür edir, onlara fəaliyyətlərində uğurlar arzulayıram.

Diqqətinizə görə təşəkkür edirəm.