AMEA Botanika İnstitutunda biofizika elminin görkəmli siması, tədqiqatçı-alim, AMEA-nın müxbir üzvü, professor Xəlil Məmmədəli oğlu Qasımovun 80 illik yubileyi qeyd olunub. Tədbirdə AMEA Botanika İnstitutunun, Bakı Dövlət Universitetinin və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının əməkdaşları, həmçinin ailə üzvləri iştirak edib.
Tədbiri İnstitutun baş direktoru, b.e.d., proffessor Səyyarə İbadullayeva açaraq, X.Qasımovun həyat və fəaliyyətindən, biofizika elmində xidmətlərindən danışıb. Bildirib ki, alim hüceyrə membranlarında fəaliyyət göstərən transport sistemlərinin biofizikasını və biokimyasını molekulyar səviyyədə tədqiq edən aparıcı alimlərdən biri olmuşdur. O, 180 məqalə, 3 monoqrafiya və 7 ixtiranın müəllifi idi. Professorun elmi əsərləri dünyanın aparıcı jurnallarında dərc edilib və beynəlxalq jurnallarda əsərlərinə istinadlar olunub. Xəlil Qasımovun elmi rəhbərliyi və məsləhətçiliyi ilə 6 fəlsəfə və 1 elmlər doktoru hazırlanmışdır. Alim ayrı-ayrı illərdə AMEA Botanika İnstitutunun Elmi şurasının, bu institutda fəaliyyət göstərən Dissertasiya müdafiəsi şurasının, Azərbaycan Respublikasının Prezidenti yanında AAK-ın Rəyasət Heyətinin üzvü olmuşdur. 2003-cü ildən Rusiya EA Rəyasət Heyətinin nəzdində fəaliyyət göstərən Membran Şurasının üzvü idi. Alim dəfələrlə AMEA Rəyasət Heyətinin Fəxri fərmanları ilə təltif olunmuşdur.
Tədbirdə Bakı Dövlət Universtetinin professorları f.r.e.d. Niftalı Qocayev, f.r.e.d. Rövşən Əliyev, f.r.e.d. Eldar Məsimov, ADBTİA-nın tədris və elmi işlər üzrə prorektoru Təhminə Tağızadə, Botanika İnstitutunun alimləri b.ü.f.d. Gülnarə Sultanova, b.ü.f.d. Arifə Bağırova, b.ü.f.d. Pərvanə Qaraxani və digərləri alimlə bağlı xatirələrini bölüşüblər.
Alimin qızı b.e.d. Vəfa Qasımova çıxış edərək atası ilə bağlı xatirələrindən danışıb, tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.
Sonda X.Qasımova həsr olunan video-çarx nümayiş etdirilib.