Arxiv
AZƏRBAYCAN ELMİNİN İNKİŞAFINDA HEYDƏR ƏLİYEVİN ROLU
10.05.2022

«Azərbaycan özünəməxsus qədim mədəniyyəti olan bir ölkədir. Dünya elm salnaməsində Azərbaycan millətinə məxsus olan simaların adları vardır.

Biz onlarla fəxr edirik.»

H.Ə.Əliyev

 

10 may tarixi dünya şöhrətli siyasətçi, Azərbaycanın müasir tarixinin qurucusu, vətənimizin müstəqilliyi naminə misilsiz xidmətləri olmuş ulu öndər Heydər Əliyevin 99 yaşının tamam olduğu gündür. Onun xatirəsi daim bizim üçün əzizdir.

Heydər Əliyevin hakimiyyət illəri Azərbaycan Respublikası, o cümlədən Azərbaycan Milli Elmlər Akademiyasının tarixinə bir sıra əhəmiyyətli səhifələrin əlavə olunması ilə yadda qalmışdır. Hələ 1969-cu ildən sonrakı dövrdə keçmiş SSRİ dövlətinin yüksək rəhbərlərindən biri kimi fəaliyyət göstərən Heydər Əliyev, respublikamızda elmi potensialın intensiv inkişaf etdirilməsinə və yeni yüksək ixtisaslı elmi kadrların yetişdirilməsinə xüsusi diqqətlə yanaşmışdır. O, 1970-1980-ci illərdə elmin ayrı-ayrı sahələri üzrə respublikamızda bazanın yaradılması üçün dünyanın qabaqcıl elm müəssisələrinə gənc mütəxəssislər göndərmişdir. Məhz H.Ə.Əliyevin uzaqgörənliyi sayəsində hazırda respublikamızda elmin, o cümlədən biologiyanın, biokimya, molekulyar biologiya, biofizika, gen biotexnologiyası, bioinformatika, bioenergetika kimi elmin müasir sahələri inkişaf etmişdir. Bu gün bioloq-alimlərimizin bitkilərin botaniki, texnoloji, tibbi cəhətdən, fiziki-kimyəvi, hüceyrə, gen səviyyəsində hərtərəfli tədqiqi istiqamətinə və son nəticədə kənd təsərrüfatı və sənayenin insanların mənafeyi naminə idarə olunmasına doğru yönəldilmiş elmi-tədqiqat işləri beynəlxalq miqyasda tanınır və qiymətləndirilir.

Təbiətin, yaşıllığın qədrini bilən qüdrətli ulu öndər, həmişə onun mühafizəsinin qeydinə qalmışdır. «Azərbaycanın Qırmızı Kitabı»nın II cildi məhz H.Ə.Əliyevin Sərəncamı əsasında işıq üzü görmüşdür. Hazırda III cild onun 100 illiyi şərəfinə hazırlanır.

Heydər Əliyev respublikamıza başçılıq etdiyi illərdə dünyanın müxtəlif ölkələrinə rəsmi səfərlər etdiyi zaman mütləq qabaqcıl elm mərkəzlərinə baş çəkər, görkəmli elm, mədəniyyət xadimləri, o cümlədən uzaq ellərdə yaşayan azərbaycanlı ziyalılar ilə görüşər və dəyərli məsləhətlər verərdi. Qeyd edilməlidir ki, məhz Heydər Əliyevin ardıcıl siyasəti sayəsində Azərbaycan Avropa Şurasına qəbul olunmuş, bu da respublikamızın ziyalıları və elm adamları qarşısında geniş imkanlar açmışdır. Müasir dövrdə dövlətlərarası əməkdaşlığın daha da sıxlaşması, perspektiv elmi istiqamətlərin müəyyənləşdirilməsi, tədqiqatların yüksək səviyyədə aparılması və nəticələrinin müvafiq sahələrə tətbiqi və s. bu imkanların real təzahürüdür.

80-cı illərin sonu 90-cı illərin əvvəllərində bəzi «qüvvə»lər tərəfindən ləğv olunması irəli sürülən Elmlər Akademiyası ulu öndərin məqsədyönlü siyasəti sayəsində düzgün istiqamət alaraq, öz mövqeyini daha da möhkəmləndirdi. Hələ 1997-ci il yanvarın 31-də ölkə başçısı Akademiyanın üzvləri və qabaqcıl alimlərini qəbul edərkən, Elmlər Akademiyası qarşısında onun bu günü və sabahı üçün çox böyük əhəmiyyət kəsb edən məsələlər qoymuşdur. Məhz həmin ildən başlayaraq, Akademiyada köklü islahatlar aparılmağa başlanılmışdır və AMEA-nın strukturunun təkmilləşdirilməsi sahəsində bir sıra tədbirlər görülmüşdür. Yaranmış münbit şərait alimlərimizin ruh yüksəkliyini bərpa edərək, misli görünməmiş nailiyyətlər qazanmağa səfərbər etmişdir. Əldə olunmuş nailiyyətlər sırasında bioloqların da payı var idi. Belə ki, akademik C.Ə.Əliyevin təşəbbüsü ilə Azərbaycanın bitki, o cümlədən taxıl genofondu xeyli zənginləşdirilmiş və ölkədə çörək problemi tamamilə həll edilmişdir. Alimin gərgin əməyinin bəhrəsi olan «Azərbaycan Respublikasının Bitki Genetik Ehtiyatlarının Milli Proqramı» onun yeni əsrimizə təqdim etdiyi çox qiymətli töhfəsi oldu.  

İslahatların aparılması,  Elmlər Akademiyasının milliləşdirilməsi, Akademiyanın həqiqi və müxbir üzv seçkilərinin keçirilməsi, seçki ərəfəsində cənab Heydər Əliyevin akademiya üzvlərinin sayının artırılması haqqında xüsusi sərəncamı, fərdi təqaüdlərin təsis edilməsi haqqında fərmanı, nəhayət, AMEA əməkdaşlarının əmək haqlarının vaxtaşırı artırılması haqqında sərəncamları ulu öndərin ardıcıl siyasətinin səmərəli bəhrəsi və humanist mövqeyinin parlaq təzahürü idi.

Bu siyasət hazırda da onun layiqli ardıcılı tərəfindən davam etməkdədir. Qarabağın mənfur düşməndən azad edilməsi üçün öz uzaqgörən ideyalarını cəmi 44 gün ərzində reallaşdıra bilmiş, qəhrəman Milli Ordumuzun şücaəti və öz yeni mübarizə taktikası sayəsində bütün dünyanı heyrətə gətirmiş Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev misli görünməmiş Qələbəyə imza ataraq, ata vəsiyyətlərinə əməl etmişdir. Hazırda Qarabağ torpaqlarında aparılan quruculuq işləri, müxtəlif layihələrin reallaşdırılması çox böyük fərəh gətirir.  Hazırda bioloqlar Qarabağın bioloji müxtəlifliyinin tədqiqi istiqamətində geniş həcmli tədqiqatlar planlaşdırır.

Bu gün alimlərimizin qarşısında duran əsas vəzifə onlara göstərilmiş etimadı doğruldaraq, ölkə Prezidentinin ətrafında sıx birləşmək, Azərbaycan dövlətçiliyinin qorunması, onun müstəqilliyinin möhkəmləndirilməsi, iqtisadi dirçəlişi naminə fundamental və tətbiqi tədqiqatların intensivliyinin yüksəldilməsinə çalışmaqdan ibarətdir.

Bir daha Ulu Öndəri həssaslıqla anırıq və ona Allahdan rəhmət diləyirik!

 

AMEA Botanika İnstitutunun baş direktoru,

b.e.d., professor S.C.İbadullayeva