Arxiv
Botanika İnstitutunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş tədbir keçirilib
10.05.2022

Bu gün AMEA Botanika İnstitutunda dünya şöhrətli siyasətçi, Azərbaycanın müasir tarixinin qurucusu, vətənimizin müstəqilliyi naminə misilsiz xidmətləri olmuş ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə tədbir keçirilib.

Öncə ümummilli liderin əziz və unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dahi şəxsiyyətin parlaq xatirəsinə dərin ehtiram ifadə olunub.

Tədbiri Botanika İnstitutunun baş direktoru, b.e.d., professor Səyyarə İbadullayeva açaraq, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda demokratik, hüquqi dövlət quruculuğundan, o cümlədən müstəqil ölkəmizdə iqtisadiyyatın, elmin, mədəniyyətin və təhsilin inkişafında misilsiz xidmətlərindən danışıb.

Müasir və müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin həyatından bəsh edərkən bildirib ki, Heydər Əliyevin hakimiyyət illəri Azərbaycan Respublikası, o cümlədən Azərbaycan Milli Elmlər Akademiyasının tarixinə bir sıra əhəmiyyətli səhifələrin əlavə olunması ilə yadda qalmışdır. Hələ 1969-cu ildən sonrakı dövrdə keçmiş ittifaqın yüksək rəhbərlərindən biri kimi fəaliyyət göstərən Heydər Əliyev respublikamızda elmi potensialın intensiv inkişaf etdirilməsinə və yeni yüksək ixtisaslı elmi kadrların yetişdirilməsinə xüsusi diqqətlə yanaşmışdır. O, 1970-1980-cı illərdə elmin ayrı-ayrı sahələri üzrə respublikamızda bazanın yaradılması üçün dünyanın qabaqcıl elm müəssisələrinə gənc mütəxəssislər göndərmişdir. Məhz H.Ə.Əliyevin uzaqgörənliyi sayəsində hazırda respublikamızda elmin, o cümlədən biologiyanın, biokimya, molekulyar biologiya, biofizika, gen biotexnologiyası, bioinformatika, bioenergetika kimi elmin müasir sahələri inkişaf etmişdir. Bu gün bioloq-alimlərimizin bitkilərin botaniki, texnoloji, tibbi cəhətdən, fiziki-kimyəvi, hüceyrə, gen səviyyəsində hərtərəfli tədqiqi istiqamətinə və son nəticədə kənd təsərrüfatı və sənayenin insanların mənafeyi naminə idarə olunmasına doğru yönəldilmiş elmi-tədqiqat işləri beynəlxalq miqyasda tanınır və qiymətləndirilir. S.İbadullayeva onu da vurğulayıb ki, Təbiətin, yaşıllığın qədrini bilən qüdrətli ulu öndər həmişə onun mühafizəsinin qeydinə qalmışdır. «Azərbaycanın Qırmızı Kitabı»nın II cildi məhz H.Ə.Əliyevin Sərəncamı əsasında işıq üzü görmüşdür. Hazırda III cild onun 100 illiyi şərəfinə hazırlanır.

Tədbir Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən filmin nümayişi ilə başa çatıb.

Sonda Botanika İnstitutunun Gənc Alim və Mütəxəssislər şurasının üzvləri Fəxri xiyabanda Ümummilli Liderin məzarını ziyarət ediblər.