Arxiv
Botanika İnstitutunda növbəti elmi seminar keçirilib
17.05.2022

AMEA Botanika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə növbəti elmi seminar keçirilib. Seminarda Ali bitkilərin sistematikası və coğrafiyası laboratoriyasının kiçik elmi işçisi Ülkər Alıyeva "Salvia verticillata L. növü üzərində morfoloji və mikromorfoloji tədqiqatlar" mövzusunda çıxış edib.

Məruzəçi Sürvə (Adaçayı) cinsinin xalq təbabətində və ənənəvi tibbdə geniş istifadəsi haqqında danışaraq, qeyd edib ki, Sürvə yağı və ondan hazırlanan məhsullar ətriyyat, kosmetika sənayesində, qida və əczaçılıq sənayesində geniş istifadə edilir. Bu baxımdan bitki iqtisadi əhəmiyyətə malik olduğuna görə Salvia L. cinsinin müasir metodlarla hərtərəfli öyrənilməsi mühüm elmi və praktiki əhəmiyyətə malikdir.

Gənc tədqiqatçının çıxışı böyük maraqla qarşılanıb və mövzu ətrafında müzakirələr aparılıb. İnstitutun GAMŞ-nın sədri Aydan Zeynalova mövzu haqqında fikirlərini bölüşərək məruzəçiyə təşəkkür edib, belə seminarların mütəmadi təşkil olunmasının əhəmiyyətini vurğulayıb.

Sonda GAMŞ-nın fəaliyyət planına uyğun olaraq növbəti elmi seminarın mövzusu və vaxtı təyin olunub, həmçinin digər mövcud problemlərin həlli məsələləri müzakirə edilib.