Arxiv
AMEA-da elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılmasına dair iclas keçirilib
19.05.2022

Mayın 18-də AMEA-nın Əsas binasında Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “Texnologiya və innovasiyalar” İşçi qrupunun nəzdində fəaliyyət göstərən “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin (H indeksi) yaxşılaşdırılması üzrə” altqrupunun iclası keçirilib.

Məqsəd “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması ilə əlaqədar 2022-ci il üzrə Yol Xəritəsi”ndə nəzərdə tutulan tədbirlər, həyata keçirilmiş işlər və bu istiqamətdə müzakirələrin aparılması, təkliflərin dinlənilməsi olub.

Tədbirdə AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimov, sözügedən altqrupun rəhbəri, “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxsin direktoru Fariz Cəfərov, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Mehriban İmanova, AMEA-nın Rəyasət Heyətinin üzvləri, Rəyasət Heyəti aparatının aidiyyəti şöbələri, elmi müəssisə və təşkilatların baş direktorları və nümayəndələri iştirak ediblər.

İclası akademik Arif Həşimov açaraq elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması üzrə bundan öncə də görüşlərin keçirildiyini, geniş müzakirələrin aparıldığını və bir sıra sualların ortaya çıxdığını söyləyib. AMEA-nın Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “İnsan kapitalı” və “Texnologiya və innovasiya” işçi qruplarında təmsil olunduğunu deyən akademik Arif Həşimov bu prosesin elm və təhsil arasında əlaqələrin daha da inkişaf etdirilməsində, beynəlxalq reytinq göstəricilərində ölkəmizin mövqeyinin yaxşılaşdırılmasında xüsusi rol oynayacağını söyləyib, iclasda bu istiqamətdə uzun illərdir təcrübəsi olan alimlərimizin səsləndirəcəyi rəy və təkliflərin nəzərə alınacağını bildirib.

Daha sonra “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin (H indeksi) yaxşılaşdırılması üzrə” altqrupunun rəhbəri Fariz Cəfərov çıxış edərək 2022-ci ilin Yol Xəritəsi üzrə cari ilin mart-aprel ayları ərzində görülmüş işlərə dair hesabatı təqdim edib. O bildirib ki, altqrupun fəaliyyətinin məqsədi elm və təhsil müəssisələri arasında əlaqələrin yaradılması, koordinasiyasının təşkili, beynəlxalq təcrübənin Azərbaycana gətirilməsi və bu sahədə peşəkar mütəxəssislərdən istifadə etməklə prosesin qurulmasıdır. F.Cəfərov bu prosesə müxtəlif qurumların, AMEA-nın, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Təhsil Nazirliyinin, Ali Attestasiya Komissiyasının, Elmin İnkişafı Fondunun və digərlərinin cəlb olunduğunu, 2022-ci il üzrə tədbirlər planının icrasından sonra növbəti 3 il üçün sənədin hazırlanmasının nəzərdə tutulduğunu deyib.

2021-ci ildə Azərbaycanın Qlobal İnnovasiyalar İndeksində mövqeyinin yaxşılaşdığını və 80-ci sırada qərarlaşdığını deyən F.Cəfərov bir sıra indekslərdə isə Azərbaycanın mövqeyinin gerilədiyini bildirib. Məruzəçi qeyd edib ki, bunun başlıca səbəbləri bütün dünya nəşrlərinin əhatə olunmasının fiziki baxımdan mümkünsüzlüyü, jurnallarda müəyyən elmi paradiqmaların dominantlığı, nəşrlərin yayılmasına maneə olan qeyri-ənənəvi baxışlar, tətbiqi tədqiqatların kifayət qədər təqdim olunmaması, məqalələrin məzmununun yetərli dəyərləndirilməməsi və milli təcrübənin xüsusiyyətləri nəzərə alınmadan impakt faktor əsasında jurnalların məlumat bazasında yerləşdirilməsi üçün seçilməsidir. O, bu problemin aradan qaldırılması istiqamətində işlərin görüldüyünü, BMT və Dünya Bankı ilə yaxşı əlaqələrin qurulduğunu və bütün yeniliklərin dərhal onlara göndərildiyini diqqətə çatdırıb, həmçinin digər reytinq göstəricilərində ölkəmizin mövqeyinin yaxşılaşdırılmasına hədəflənmiş tədbirlərin həyata keçirildiyini bildirib.

Məruzəçi bu gün Azərbaycan elminin beynəlxalq reytinq göstəricilərində riyaziyyat, fizika və digər sahələrin dominantlıq etdiyini, lakin tarix və digər sahələrdə göstəricilərin aşağı olduğunu deyib. O, mənfi tendensiya müşahidə edilən sahələrdə önəmli araşdırmalar aparılmasına baxmayaraq, ingiliscə materialların az olduğunu və nəticədə bunun onların reytinq göstəricilərinə təsir etdiyini vurğulayıb. F.Cəfərov jurnallarımızın indeksinin artırılması, impakt faktorun alınması, onların beynəlxalq elmi bazalara daxil edilməsi, məqalələrin keyfiyyətinin, eləcə də istinad göstəricilərinin yaxşılaşdırılması istiqamətində bir sıra müzakirələrin aparıldığını söyləyib.

Natiq “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması ilə bağlı 2022-ci il üzrə Yol Xəritəsi” çərçivəsində 5 istiqamətdə - qlobal elmi məkana inteqrasiya, elmi əqli potensialın gücləndirilməsi, təşviq mexanizmlərinin formalaşdırılması, dövlətin elmi-tədqiqat sahəsində aydın hədəflərinin və qiymətləndirmə siyasətinin müəyyən edilməsi və elmi nəşrlərin beynəlxalq standartlara uyğunlaşdırılmasına dair tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.

Bundan əlavə, elm və təhsil müəssisələri üçün alimlərin şəxsi profilini əhatə edən, eləcə də “Web of Science”, “Scopus” və s. bazalarda əksini tapan jurnallar, məqalələr, qrantlar və digər məlumatları özündə cəmləşdirən vahid portalın hazırlanmasının nəzərdə tutulduğunu söyləyib. Bildirib ki, müəssisələr üçün portala giriş imkanları veriləcək və onlara alimlərin elmi nəticələrini mütəmadi yeniləmələri üçün şərait yaradılacaq.

Sonra çıxış edən AMEA-nın Rəyasət Heyəti aparatının Elmi-təşkilat idarəsinin rəisi, sözügedən altqrupun üzvü, fizika üzrə fəlsəfə doktoru, dosent Rüstəm Rüstəmov yaradılmış mühitin beynəlxalq standartlara cavab verən sistemin qurulmasında və mövcud problemlərin həllində mühüm rol oynayacağını bildirib. Qeyd edib ki, AMEA-da bu işlərin effektiv həyata keçirilməsi üçün müvafiq İşçi qrup yaradılıb və aidiyyəti qurumlarla birbaşa təmaslar qurulub.

R.Rüstəmov bu gün ölkəmizdən “Web of Science”, “Scopus” kimi bazalarda əksini tapan jurnalların, məqalələrin və istinadların 48-50 faizinin AMEA-nın payına düşdüyünü vurğulayıb, “Web of Science” və digər bazalarla sıx əməkdaşlığın davam etdirildiyini söyləyib.

Həmçinin AMEA-nın TÜBİTAK, SOCAR-ın Elm Fondu və Elmin İnkişafı Fondu ilə birgə müsabiqələr həyata keçirdiyini və qrantları qazananların əksəriyyətinin Akademiyanın əməkdaşları olduğunu deyib. Bundan əlavə, AMEA ilə TÜBİTAK arasında elmin fundamental inkişafına kömək göstərəcək Mükəmməllik mərkəzlərinin yaradılması istiqamətində geniş müzakirələrin aparıldığını diqqətə çatdırıb.

İclasda, həmçinin akademiklər İradə Hüseynova, Fikrət Əliyev, Vaqif Abbasov, AMEA-nın müxbir üzvləri Misir Mərdanov, Vaqif Quliyev, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva, filologiya üzrə fəlsəfə doktorları Mehman Həsənli və Əzizağa Nəcəfov çıxış edərək fikir və təkliflərini səsləndiriblər. Təkliflərdə elmi işlərin beynəlxalq jurnallarda təbliği, jurnalların redaksiya heyətində aktiv rol oynayan alimlərin təmsil edilməsi, yüksək reytinqli jurnallarda məqaləsi çıxan alimlərin mükafatlandırılması, Akademiyanın elmi nəşriyyatının yaradılması, ikili diplomların verilməsinin hüquqi mexanizminin formalaşdırılması, əvvəllər işıq üzü görmüş məqalələrin elektronlaşdırılması ilə alimlərimizin istinadlarının sayının artırılması, milli elmimetrik bazanın yaradılması və s. təkliflərini səsləndiriblər.

Sonda çıxış edən akademik Arif Həşimov Akademiyada işıq üzü görən jurnalların və məqalələrin keyfiyyətinin yaxşılaşdırılmasında mühüm rol oynayan AMEA-nın Nəşriyyat Şurasının bərpa edilməsi və təkliflərdə nəzərdə tutulan mükafatların şuranın təqdimatı əsasında verilməsinin önəminə toxunub, elmi nəşrlərin keyfiyyətinin və beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması istiqamətində müzakirələrin mütəmadi keçiriləcəyini bildirib.