Aprel ayının 18-də uzun illər ərzində Azərbaycan Milli Elmlər Akademiyası Botanika İnstitutunun “Eksperimental botanika” şöbəsində aparıcı elmi işçi vəzifəsində çalışmış, köklə qidalanmanın fiziologiyası üzrə təcrübəli alim, biologiya üzrə fəlsəfə doktoru, dosent Ədalət Cəlal qızı Səmədova dünyasını dəyişmişdir...
İnstitutumuz onun simasında öz müdrikliyi, təmkini, səbri, sakit təbiəti, təvazökarlığı, əsil Azərbaycan ziyalı xanımlarına xas olan kübar rəftarı, yüksək insani keyfiyyətləri ilə özünə rəğbət, hörmət qazanmış, hər zaman hamıya dəstək olmuş səmimi həmkarını, unudulmaz gözəl şəxsiyyəti itirdi...
Ədalət Cəlal qızı Səmədova 1931-ci il dekabr ayının 22-də Ağdaş rayonunun Üçqovaq kəndində qulluqçu ailəsində anadan olmuşdur. 1954-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) biologiya fakültəsini bitirmişdir. Həmin təhsil ocağının “Bitki fiziologiyası” kafedrasında hələ tələbə olarkən (1953-cü il) laborant kimi əmək fəaliyyətinə başlayan Ə.C.Səmədova, 1959-cu ildə bitki fiziologiysı kafedrasında assistent-müəllim vəzifəsinə irəli çəkilmiş və 1961-ci ilə qədər həmin vəzifədə çalışmışdır.
Elmi dərəcəyə nail olmaq üçün o, 1962-ci ildə AMEA Genetik ehtiyatlar İnstitutunun aspiranturasına (indiki doktorantura) daxil olmuş və 1964-cü ildən öz tədqiqatlarını Botanika İnstitutunda davam etdirmişdir. 1966-cı ildə biologiya elmləri namizədi (indiki fəlsəfə doktoru) elmi dərəcəsini almaq üçün “Mikroelementlərin azotlu maddələr mübadiləsinə təsiri” mövzusunda dissertasiya işini müvəffəqiyyətlə müdafiə etmiş və ömrünün son illərinə qədər bu elmi müəssisədə müxtəlif vəzifələrdə (kiçik elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi), 2004-cü ildən etibarən “Eksperimental botanika” şöbəsinin “Bitkilərin köklə qidalanmasının fiziologiyası” laboratoriyasında aparıcı elmi işçi vəzifəsində çalışmış və uzun illər ərzində laboratoriyada müdir müavini vəzifəsini layiqincə icra etmişdir.
Ə.C.Səmədova bitki fiziologiyası sahəsində makro- və mikro- qida elementlərinin azotlu maddələr mübadiləsinə təsirinin, köklə qidalanmanın ağır metallarla təklikdə və NaCl duzları ilə kompleks gərginləşməsi şəraitinə bitkilərin adaptasiyası zamanı proteolitik ferment fəallığında baş verən dəyişkənliklərin öyrənilməsi məsələləri ilə məşğul olmuşdur. Apardığı elmi işlərin nəticələri əsasında onun 98 elmi əsəri nəşr olunmuş, bir sıra beynəlxalq və yerli elmi forumlarda (Moskva - 2015, 2017; Minsk, Yalta, İrkutsk – 2016 və s.) təqdim olunmuşdur.
Ə.C.Səmədova həmçinin 1999-cu ildə “Elm” nəşriyyatında ilk dəfə Azərbaycan dilində çapdan çıxmış “Bitki fiziologiyası terminlərinin izahlı lüğəti”nin (240 səhifə) tərtibçılərındən biri və rus dilindən tərcüməçisi olmuşdur. Sonradan həmin lüğət akademik Cəlal Əliyevin elmi redaktorluğu altında təkrar işlənilərək, 300-dən artıq yeni termin və anlayışlar əlavə edilməklə, daha da mükəmməlləşdirilmiş və 2005-ci ildə “Bitki fiziologiyası terminlərinin və anlayışlarının izahlı lüğəti” (408 səhifə) olaraq, AMEA-nın 60 illiyinə həsr edilmiş nəşrlər seriyasında “Elm” nəşriyyatında çap olunmuşdur. Bu işin ərsəyə gətirilməsində də Ədalət xanım böyük zəhmət çəkmiş və səy göstərmişdir.
Ə.C.Səmədova Azərbaycan bitki fizioloqları cəmiyyətinin və Azərbaycan botaniklər cəmiyyətinin, Azərbaycan Terminologiya Komitəsinin üzvü olmuşdur. Həmçinin o, İnstitutun Seminar Şurasının üzvü olmuş, elmi müzakirələrdə fəal iştirak edərək, məruzəçiləri düzgün istiqamətləndirmiş, dəyərli tövsiyələr vermişdir.
Ə.C.Səmədova uzun müddətli məhsuldar elmi fəaliyyətinə görə 1990-cı ildə Əmək veteranı medalına layiq görülmüş, 2007-ci ildə Botanika İnstitutunun 70 illiyi münasibətilə AMEA Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif olunmuşdur.
Bir gün gələn, bir gün getməlidir, demişlər... Amma Ədalət xanımın bu dünyadakı yaşadığı nümunəvi, böyük həyat yolu həmişə var olacaq... Xatirəsi əziz tutularaq, onu tanıyanların, sevənlərin qəlbində daim yaşayacaq və sağ ikən qazandığı hörmət və rəğbətlə yad ediləcəkdir...
Allah ona qəni-qəni rəhmət eləsin, yeri behişt olsun. Amin.
AMEA Botanika İnstitutunun baş direktoru,
b.e.d., prof. S.C.İbadullayeva
AMEA Botanika İnstitutunun elmi katibi,
b.ü.f.d., dosent X.C.Xəlilova