Arxiv
Azərbaycan Botaniklər Cəmiyyəti ictimai birliyinin ümumi yığıncağı keçirilib
24.05.2022

AMEA-nın Botanika İnstitutunda Azərbaycan Botaniklər Cəmiyyəti ictimai birliyinin ümumi yığıncağı keçirilib.

Zoom platforması üzərindən keçirilən iclasda Azərbaycan Botaniklər Cəmiyyətinin (ABC) idarə heyətinin üzvləri iştirak ediblər. Tədbiri cəmiyyətin sədr müavini, akademik Tariyel Talıbov açaraq, iştirakçıları gündəlikdə duran məsələlərlə tanış edib. ABC-nin məsul katibi, b.e.d. Dilzarə Ağayeva cəmiyyətin 3 illik hesabatını təqdim edib və yaranan sualları cavablandırıb. Maliyyə məsələləri ilə bağlı məlumatları b.e.d. Naibə Mehdiyeva ətraflı qeyd edilib.

Yığıncaqda cəmiyyətin İdarə heyətinin yenidən seçilməsi, rəsmi internet səhifəsinin bərpası (botanysociety.com.az), loqosu və çap işlərinin formatına dair geniş müzakirələr aparılıb. İctimai birliyin üzvləri, AMEA-nın müxbir üzvləri Vaqif Novruzov, Tofiq Məmmədov, b.e.d., prof. Səyyarə İbadullayeva, b.e.d., prof. Eldar Novruzov, b.e.d, Aydın Əsgərov və başqaları ABC-nin gələcək fəaliyyətinə dair təklif və tövsiyələrlə çıxış ediblər.

Sonda səsvermə yolu ilə ABC İctimai Birliyinin sədri Botanika İnstitutunun icraçı direktoru, b.e.d. Şakir Qasımov, məsul katibi b.ü.f.d. Nuri Mövsümova seçilib. Maliyyə məsələləri isə b.ü.f.d. Gülnar Qasımovaya həvalə edilib. Gündəlikdə duran məsələlər səsə qoyularaq yekdilliklə qərar qəbul edilib.