Arxiv
Akademik Arif Həşimov Azərbaycanda səfərdə olan bir qrup xarici alimlə görüşüb
26.05.2022

Mayın 25-də AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimov Bakıda keçirilən 13-cü Beynəlxalq Termal Mühəndislik konfransı çərçivəsində Azərbaycanda səfərdə olan bir qrup xarici alimlə görüşüb.

Görüşdə AMEA tərəfdən akademik Arif Həşimov, AMEA-nın Rəyasət Heyəti aparatının Elmi-təşkilat idarəsinin rəisi, fizika üzrə fəlsəfə doktoru, dosent Rüstəm Rüstəmov, Beynəlxalq elmi əməkdaşlıq şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Esmira Əlirzayeva və İnformasiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov iştirak ediblər.

Qonaqlardan isə görüşə Fransanın Lotaringiya Universitetinin professoru Mohammed El Ganaoui, Fransanın Lill Universitetinin professoru Ali Zaoui, Fransanın Limoj Universitetinin dosenti Helene Ageorges, Mərakeşin Elm və Texnologiya Akademiyasının professoru Abdelilah Benyoussef, Mərakeşin MAScIR Fondunun departament rəhbəri Zouheir Sekkat və Mərakeşin Kasablanka Universitetinin əməkdaşı Maha Ayache qatılıblar.

Tədbirdə çıxış edən akademik Arif Həşimov qonaqları salamlayaraq onları AMEA-da görməkdən məmnun olduğunu bildirib və onlara Akademiyanın tarixi, əldə etdiyi nailiyyətlər barədə məlumat verib. Qeyd edib ki, Milli Elmlər Akademiyası 1945-ci ildə yaradılıb, həmin il təsisçilərindən 15 nəfər akademik seçilib və Mirəsədulla Mirqasımov Akademiyanın ilk prezidenti olub. AMEA-nın ötən müddət ərzində həm Azərbaycanın, həm də keçmiş SSRİ-nin ən görkəmli alimlərini yetişdirdiyini deyən akademik Arif Həşimov bu gün Elmlər Akademiyasında Fizika-Riyaziyyat və Texnika, Kimya, Yer, Biologiya və Tibb, Humanitar və İctimai Elmlər bölmələrinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Qeyd edib ki, sözügedən bölmələrdə qlobal çağırışlara və müasir inkişaf tendensiyalarına uyğun, iqlim dəyişiklərinə, ətraf mühitin sağlamlaşdırılmasına, su ehtiyatlarına, dayanıqlı enerji mənbələrindən səmərəli istifadəyə, neft kimyasına, Azərbaycanın və Cənubi Qafqazın flora və faunasına, eləcə də ölkəmizin dilinə, tarixinə, ədəbiyyatına, əlyazmalarına və s. aid mühüm tədqiqatlar aparılır. Həmçinin vurğulayıb ki, dünyada açıq dənizdə neft ilk dəfə Xəzərdə Neft Daşlarında çıxarılıb və həmin quyuların və digərlərinin geoloji-kəşfiyyat işlərində AMEA-nın alimləri yaxından iştirak ediblər.

Bakı Mühəndislik Universitetinin və Kanadanın Ryerson Universitetinin birgə təşkilatçılığı ilə keçirilmiş “13-cü Beynəlxalq Termal Mühəndislik konfransı: nəzəriyyə və tətbiq” mövzusunda tədbirin materialları ilə yaxından tanış olduğunu bildirən akademik Arif Həşimov konfransın işinə salınmış mövzulara dair AMEA-da bir sıra tədqiqatların aparıldığını söyləyib, bu istiqamətlərdə birgə əməkdaşlıq proqramının tərtib edilməsinin önəmini vurğulayıb. Bildirib ki, əməkdaşlıq haqqında sənədin hazırlanması gələcəkdə birgə konfrans və seminarların təşkilinə, kadr hazırlığına, tələbə mübadiləsinə rəvac verəcək.

Bundan əlavə, bu il AMEA-nın təşkilatçılığı ilə Türkiyə, İran, İspaniya, Bolqarıstan, Rumıniya, Norveç və digər ölkələrdən alimlərin iştirakı ilə beynəlxalq konfransın keçiriləcəyini bildirib və qonaqları tədbirə dəvət edib.

Sonra çıxış edən Lotaringiya Universitetinin professoru Mohammed El Ganaoui dəvətə görə minnətdarlığını bildirib və həmkarlarını AMEA nümayəndələrinə təqdim edib. Akademiya ilə əməkdaşlığın önəminə toxunan M.Ganaoui görüşün gələcəyə doğru birgə addımların atılmasında xüsusi rol oynayacağını deyib və müzakirələrin müsbət nəticə verəcəyini söyləyib. O, həmçinin birgə kadrların hazırlanması, doktorantların bilik səviyyəsinin artırılması, yay məktəblərinin təşkili sahəsində əməkdaşlıq etməyə hazır olduqlarını vurğulayıb.

M.Ganaoui bundan əlavə, 13-cü Beynəlxalq Termal Mühəndislik konfransında iştirakı barədə danışıb və tədbirdən irəli gələrək nəzərdə tutduğu tədqiqatlarla bağlı fikirlərini bölüşüb.

Görüşdə, o cümlədən Mərakeşin Elm və Texnologiya Akademiyasının professoru Abdelilah Benyoussef, Mərakeşin MAScIR Fondunun departament rəhbəri Zouheir Sekkat, Kasablanka Universitetinin əməkdaşı Maha Ayache, Lill Universitetinin professoru Ali Zaoui və Limoj Universitetinin dosenti Helene Ageorges çıxış edərək təmsil etdikləri qurumlar və apardıqları tədqiqatlar barədə AMEA rəhbərliyinə məlumat veriblər. Çıxışlarda iqlim dəyişikliyi, kvant fizikası, nanomateriallar, nanotexnologiyalar, optiklər, fotoniklər və digər sahələrdə əməkdaşlıqla bağlı fikirlər qeyd olunub.

AMEA-nın Rəyasət Heyəti aparatının Beynəlxalq elmi əməkdaşlıq şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Esmira Əlirzayeva isə hazırda Akademiya ilə Fransanın Monpelye Universitetinin birgə həyata keçirdiyi doktorantura proqramı və kadr hazırlığı barədə məlumat verib.

Sonda çıxış edən akademik Arif Həşimov qonaqlara görüşdə iştirak etdikləri üçün minnətdarlığını bildirib və birgə əməkdaşlığın gələcək tədqiqatlar və nailiyyətlərin əldə edilməsində mühüm rol oynayacağını deyib.