Arxiv
B.e.d., professor Eldar Novruzovun 80 yaşı tamam olur
03.06.2022

ƏZİZ VƏ HÖRMƏTLİ ELDAR MÜƏLLİM!

Sizi  80-illik  yubiley tarixiniz münasibətilə səmimi qəlbdən təbrik edirik! Bu əlamətdar gündə Sizə sağlıqlı, davamlı ömür yolu və böyük əzmlə çalışdığınız elmi, elmi-təşkilati və pedaqoji fəaliyyətinizdə uğurlar arzulayırıq!  

Hörmətli Eldar müəllim! Sizin 1970-ci ildən hazırkı vaxta qədər yarım əsri ötmüş fasiləsiz məhsuldar əmək fəaliyyətiniz və elmə ali münasibətiniz Botanika İnstitutunun nüfuzlu simalarından birinə çevrilmənizə təkan vermişdir.

Azərbaycan florasında yayılmış 550-dən çox bitki növlərinin tədqiqinə və əksəriyyətinin ilk müəllifi olaraq fitokimya, biokimya, biotexnologiya və bitki ehtiyatşünaslığının nəzəri və təcrübi əhəmiyyət kəsb edən problemlərinin həllinə həsr edilmiş tədqiqatlarınız bu sahədə yeni istiqamət olub, faydalı bitkilərin müəyyən edilməsində, onların geniş spektr təhlilində böyük əhəmiyyətə malikdir. Dəyərli elmi yaradıcılığınız elm aləminin diqqətini cəlb edən 250-ə yaxın əsər, o cümlədən 1 monoqrafiya, 17 müəlliflik şəhadətnaməsi, 1 Patent, 3 Texniki Şərt, 3 Texnoloji Təlimatda öz əksini tapmış, eləcə də bir sıra  beynəlxalq konfrans və simpoziumlarda təqdim olunmuşdur.

Fikrin düzgünlüyü naminə tələbkarlığınız, yüksək erudisiyanız və geniş təşkilatçılıq bacarığınız müxtəlif sferalarda fəaliyyətinizi zəruri etmişdir. Uzun illər ərzində “Bitki ehtiyatları” kimi böyük bir şöbənin müdiri və İnstitutun rəhbərliyində elmi işlər üzrə direktor müavini olaraq çalışmanız, 1 elmlər, 5 fəlsəfə doktoru, 1 magistr hazırlamanız, İnstitutun Elmi və Dissertasiya Şuralarının, Əlaqələndirmə Şurasının üzvü, həmçinin Dissertasiya Şurasının nəzdindəki Seminar Şurasının sədri olaraq uğurlu fəaliyyətiniz Sizi istedadlı, işgüzar alim, qayğıkeş pedaqoq və bacarıqlı elm təşkilatçısının ahəngini özündə uğurla əks etdirən bir ziyalı olaraq təqdimatınıza əsas verir. Zəngin və çöxşaxəli fəaliyyət çevrəsinə malik olmanız Sizin məqsədyönlü mövqeyinizdən irəli gəlmişdir. Biz həmçinin Sizi elmi və digər tədbirlərdə obyektiv fikir söyləməyi bacaran aydın düçüncə tərzli, təmkinli ziyalı və tələbkar olduğunuz qədər rəhmli bir insan kimi tanıyırıq və Sizin kimi alicənab şəxsiyyətin müasiri olduğumuzdan böyük qürur və məmnunluq hissi keçirdiyimizi bildiririk. 

Çox fərəhlidir ki, Sizin əməyiniz dövlət tərəfindən qiymətləndirilmişdir. 1976-cı ildə Sosializm yarışının qalibi olmusunuz, 1979-cu ildə X Beşilliyin Zərbəçisi Döş Nişanına və dəfələrlə AMEA Rəyasət Heyətinin və AMEA Biologiya və Tibb Elmləri Bölməsinin Fəxri Fərmanlarına layiq görülmüsünüz.

Hörmətli Eldar müəllim! Sizi bu tarixi gün münasibətilə Botanika institutunun kollektivi adından bir daha səmimi qəlbdən təbrik edir, möhkəm can sağlığı, uzun və mənalı ömür yolu və həmişə əzizlərinizlə bir yerdə həyatınıza sevinc gətirən hadisələr əhatəsində olmanızı arzulayırıq! Biz həmçinin müasir dövrümüz üçün böyük nəzəri və praktiki əhəmiyyət kəsb edən elmi yaradıcılığınızda yeni ideyalarınızın və səmərəli təkliflərinizin reallaşmasını, eləcə də kadr hazırlığında və çoxşaxəli elmi-təşkilati vəzifələrinizin icrasında tükənməz enerji və sonsuz uğurlar diləyirik!